Bizəoxşar tıs-tıs
Bizəoxşar tıs-tıs (lat. Acantholimon acerosum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, İran-Turan coğrafi elementinə daxildir.
== Botaniki təsviri ==
Diametri 15-25 sm olan yastıqvari formalı alçaq koldur. Yarpaqları 3-4 (1,5-5) sm uzunluqda, 1,0-1,5 mm enində olub, xətvari-bizvaridir. Aşağı hissədə yastı, yuxarıda üç hissəli, sərt, qalın, tikanlı olub, kənarları boyunca kirpikciklidir. Çiçək oxu sadə və ya bir yan budaqlı olub, 25 sm uzunluqdadır. Çiçəkləri çiçək qrupunun qalın oxu üzərində, az və ya çox dərəcədə bərabər məsafələrdə paylanmışdır. Sünbülcüklərin uzunluğu 15 mm-ə bərabərdir. Xarici çiçəkaltlıqları bir qədər uzun olub, nadir hallarda daxili çiçəkaltlığına bərabər və ya onlardan qısadır.