Camo bəy Hacınski
Camo bəy Hacınski (tam adı: Camo bəy Süleyman bəy oğlu Hacınski; 14 iyun 1888, Quba – 1942, Sibir) — Azərbaycan Xalq Cümhuriyyətinın 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas. Bəzi mənbələrdə Azərbaycan himninin sözlərinin müəllifi kimi göstərilir.
== Həyatı ==
Camo bəy Süleyman bəy oğlu Hacınski 1888-ci ilin iyunun 14-ü Qubada doğulmuşdur. O, ictimai-siyasi xadim Mehdi bəy Hacınskinin kiçik qardaşıdır. Gənc yaşlarında Bakıya köçən Camo bəy burada gimnaziya təhsili almışdı. Gimnaziyanı bitirib 1907-ci ildə Bakıda rus dilində nəşr olunan "Kaspi" qəzetində müxbir kimi fəaliyyətə başlamışdı və bu qəzetlə əməkdaşlığını 1915-ci ilədək davam etdirmişdi. 1914-cü ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirən Camo bəy Hacınski sonralar İqtisadçı ixtisasına da yiyələnmişdi.
== Fəaliyyəti ==
Camo bəy 1915-ci ilin dekabrından 1917-ci ilin aprelinədək Batum vilayətində Dənizkənarı rayonda Birinci dünya müharibəsində zərərçəkənlərə yardım göstərmək məqsədilə yaradılmış Müsəlman Qaçqın Komitəsinin müvəkkili vəzifəsində çalışmışdı.
O, "Nicat" Mədəni-Maarif Cəmiyyətinin işində də iştirak edirdi. 1916-cı ildə Müsəlman Dram Cəmiyyətinin, 1917-ci ildə isə Azərbaycan Arxeoloji Cəmiyyətinin yaradıcılarından biri olmuşdu.[mənbə göstərin]
Camo bəy Hacınski 1917-ci ilin aprelində Rusiya Müvəqqəti Hökumətinin Zaqafqaziya Komitəsinin vəkili təyin edilmiş, həmin ilin iyulunadək bu vəzifədə çalışmışdı.