DÜRDANƏ

is. [ ər. dürr və fars. danə]
1. İnci (mirvari) dənəsi; inci, mirvari.
// Klassik şeirdə: gözəlin dişlərinə işarə.
Güləndə dişlərin ağzında, ey can; Sədəf içindəki dürdanəmizdir. Xətayi.
Ağzın sədəf, dişlərindir dürdanə; Əcayib cəvahir, ləli sevmişəm. M.P.Vaqif.

2. məc. Çox əziz, sevgili, istəkli övlad mənasında.
Balamsan, bir danəsən; Sədəfsən, dürdanəsən; Mən ölsəm sənə qurban; Sən ölmə, bir danəsən. (Bayatı).

3. məc. bax dürr.
Canlar tazələnir güftguyindən; Sözünün hər biri dürdanə gərək. Q.Zakir.
Sən naz ilə gül ki, sədəfin qiyməti artsın; Göz yaşı kimi incisi, dürdanəsi məndən. Ə.Vahid.

Etimologiya

  • DÜRDANƏ Dürr” və dənə (danə) sözlərindən əmələ gəlib. “Dürr dənəsi” deməkdir. Alın­ma sözdür: dürr” ərəb, danə isə fars mənşəlidir
DÜRCƏK
DÜRDANƏLƏNMƏK

Digər lüğətlərdə