Məsəl var: gözəllik ondur, doqquzu dondur. Niyə palto, pencək... yox, məhz don? Don sözünün qədim mənası “paltar” (bütün növlər üzrə) deməkdir. Zənn etmək olar ki, dondan (soyuqdan, donmaqdan) qorunmaq vasitəsi olduğu üçün elə “don” adlandırılıb. İndi don sözünün mənası daralıb və o, hər cür paltarı deyil, yalnız qadın paltarının xüsusi növünü bildirir. Suyun donması və don (paltar) eyni kökə malikdir, “qabıq” deməkdir (buz suyun qabıq bağlaması, paltar (don) adamın qabığa girməsidir). Mənbələrdə bu sözün mənası “atın rəngi” (ruslar buna ” мастъ” deyirlər) anlamında da verilib (paltar anlamına uyğun gəlir.) (Bəşir Əhmədov. Etimologiya lüğəti)