Futurizm
Futurizm (lat. futura - gələcək) — XX əsrin 10-20-ci illərində Avropa ədəbiyyatında avanqard cərəyan. Avanqardizmin radikal variantıdır. Daha çox İtaliyada geniş vüsət tapmışdı. Nümayəndələri F.Marinetti, U.Boççoni, C.Balla, L.Russola, Rusiyada V.Mayakovski, V.Xlebnikov olmuşdur. Futuristlər təkcə incəsənətlə deyil, bütün mədəni keçmişlə vidaya üstünlük verirdilər. "Gələcəyin incəsənəti"ni yaratmağa cəhd edən futuristlər mədəni irsi, xüsusilə onun estetik, bədii, mənəvi-əxlaqi sərvətlərini rədd, urbanizmi təbliğ edir, poeziyada təbii dilin əleyhinə çıxırdılar. Onlar sənaye sivilizasiyasının təbliği və müasir böyük şəhərin inkişafını tərənnüm edirdilər. Əvvəlki estetikanın əvəzinə onlar enerji və sürət estetikasına, "lokomotiv, avtomobil estetikası"na üstünlük verirdilər. Futurizm ilk dəfə İtaliyada meydana gəlmiş, sonra Rusiya və digər Avropa ölkələrində yayılmışdı.