Girdiman knyazlığı
Girdiman knyazlığı — Qafqaz Albaniyasının Girdman vilayətində knyazlıq.
VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır.
591-ci il Sasani-Bizans müqaviləsinə görə Albaniyanın Girdiman vilayəti, eyni zamanda, Tiflis və Dvinə qədərki ərazisi Sasanilərin hakimiyyəti altında qalmışdı. Bu ərazidə əsas üstünlüyü Azərbaycan türkləri təşkil edirdilər. Lakin hələ çox qədimlərdən Girdiman vilayətində Azərbaycan türklərinə soy-kök cəhətdən yaxın, daha doğrusu, qohum olan sabir tayfaları yaşayırdılar. Sabir tayfaları cəsur və döyüşkən olduğundan Sasanilər və Bizans dəfələrlə onların hərbi qüvvəsindən istifadə etmişdi. Dörd əsrlik tarixə malik Sasani imperiyası artıq öz ömrünü başa vurmaqda idi. Sasanilərin hakimiyyəti altındakı əksər ölkələrdə yerli feodallar güclənərək, mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. Məhz belə bir qarışıq dövrdə — IV əsrin sonu – VII əsrin əvvəllərində əsasını Mehranilər sülaləsinin qoyduğu Girdman knyazlığı meydana gəldi. Əvvəlcədən onu qeyd edək ki, Mehranilər sülaləsinin soy-kökünü farslarla əlaqələndirməyə cəhd göstərilsə də, bu ideyanın müəllifləri, uğur qazanmamışlar.