1. Bu və ya başqa cür görünüşü, görkəmi, siması olan; görünən. Xəstə görkəmli. Sağlam görkəmli.
– Onların əvəzinə Tapdıq, özünə yaxınlaşan kərtənkələ görkəmli birisini və onun bıçaq kimi süngüsünü gördü.
Hər ikisi qızların bir-birindən qəşəngdi; Biri sakit görkəmli, biri ciddi, ürkəkli.
// Gözəgəlimli. Görkəmli oğlan.
2. Müsbət xüsusiyyətlərinə görə başqalarından seçilən; yaxşı. Görkəmli usta.
– [Qüdrət:] Görkəmli mühəndislərin qəlbini oxumaqda çətinlik çəkdikcə trest bu vəziyyətdən çıxmayacaqdır.
[Səməd] idarənin ən görkəmli işçilərindən idi.
3. Böyük xidmətləri olan; məşhur, tanınmış. Görkəmli bəstəkar. Görkəmli alim.
– Mirzə o zamanın görkəmli şairləri – Zakir Qarabaği və Seyid Əzim Şirvani ilə dostluq edir və yazışırdı.
4. Böyük əhəmiyyətli; mühüm. Görkəmli nəticələr çıxarmaq.
– Buna nə ruhaniyyət alimi olmaq, nə də filosoflar içində görkəmli yer tutmaq kömək edə bilməzdi.
5. Hər tərəfdən görünən, hamının gördüyü.
Danışıqdan aydın oldu ki, o bizim idarədə görkəmli yerdən asılı bir şəkli – Həcərin ağ boya ilə işlənmiş şəklini istəyir.
6. Görməli, maraqlı, baxmalı, diqqətəlayiq.
Ədəbi görüşlərlə yanaşı, biz Volqoqradın görkəmli yerləri, abidələri və mədəniyyət ocaqları ilə tanış olurduq.