Ağalar Hacıqasımov
Ağalar Hacıqasımov (tam adı: Hacıqasımov Ağalar Sultan oğlu; d. 5 mart, 1935-ci il) — geologiya‑mineralogiya elmləri doktoru, professor. İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin neft və qazın axtarış və kəşfiyyatının nəzəri əsasları kafedrasının əməkdaşı.
== Həyatı ==
Hacıqasımov Ağalar Sultan oğlu 1935-ci il martın 5-də Bakı şəhərində anadan olub. 1957-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə bitirib. A.Hacıqasımov əmək bioqrafiyasına "Azdənizneftkəşfiyyat" trestində 3 nömrəli buruq kontorunda məhlulölçən kimi başlayıb, sonradan "Leninneft" trestində geoloq, baş geoloq, 11 nömrəli neft mədəni müdirinin müavini işləyib. 1963-cü ildə doğma universitetin aspiranturasında təhsilini başa vurduqdan və namizədlik dissertasiyasını müdafiə etdikdən sonra neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı kafedrasında geologiya-geofizika problem laboratoriyasının mühəndisi, elmi-tədqiqat işləri sektorunun rəhbəri, böyük elmi işçi, dosent, professor (1969), kafedra müdiri vəzifələrində fəaliyyət göstərib. 1968-ci ildən tədris işləri üzrə prorektor işləyib. 1981-ci ildə A.Hacıqasımov İ.M.Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunun neft və qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları kafedrasına dəvət edilib və orada professor vəzifəsində işləyib, kafedra müdirinin müavini olub. 1992-ci ildə "buruq qazmasının texnikası və təşkili" Elmi İstehsalat Kompaniyası" (TOBUS EİK) Səhmdar Cəmiyyətinə baş geoloq vəzifəsinə keçib, sonradan baş direktorun müavini, vitse-prezident təyin olunub.