Yaap de Hoop Sxeffer
Yakob "Yaap" de Hoop Sxeffer (nid. Jakob Gijsbert "Jaap" de Hoop Scheffer; ; 3 aprel 1948[…], Amsterdam) — Niderland siyasətçisi, 2004–2009-cu illərdə NATO-nun baş katibi.
Sxeffer 1967-ci ildə Müqəddəs İqnati Layola adına katolik klassik gimnaziyasını bitirmiş, 1974-cü ildə isə Leyden Universitetinin hüquq fakültəsindən məzun olmuş və hüquq magistri dərəcəsini almışdır. Universiteti bitirdikdən sonra hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətdən sonra 1976–1986-cı illərdə Niderland Xarici İşlər Nazirliyində çalışmış, ilk iki ili Niderlandın Qanadakı səfirliyində, 1980-ci ilədək isə Brüsseldə Niderlandın NATO-dakı nümayəndəliyində çalışmışdır.
1982-ci ildə Xristian Demokrat Çağırışı Partiyasına qoşulmuş və 1986-cı il parlament seçkilərində Niderland Nümayəndələr Palatasına üzv seçildi. 3 iyun 1986-cı ildən 23 may 2002-ci ilədək Niderland Nümayəndələr Palatasının üzvü kimi fəaliyyət göstərmişdir. 2002-ci il parlament seçkilərində qalib gələn Xristian Demokrat Çağırışı Partiyası, başda Yan-Peter Balkenende olmaqla, yeni hökumət qurmuş və 22 iyul 2002-ci ildən Sxeffer Balkenende kabinetində xarici işlər naziri vəzifəsini tutmuşdur. Bu vəzifədə o, ABŞ-nin 2003-cü ildə İraqa müdaxiləsində Niderland ordusunun iştirakına müsbət qərar verilməsində mühüm rol oynamışdı.
22 sentyabr 2003-cü ildə NATO-nun növbəti baş katibi seçildiyi üçün Sxeffer 3 dekabr 2003-cü ildə Niderland xarici işlər naziri vəzifəsindən istefa verdi.