Con Stüart Mill
Mill Con Stüart (ing. John Stuart Mill; 20 may 1806[…] – 8 may 1873[…], Avinyon) — ingilis mütəfəkkiri və iqtisadçısı.
== Həyatı ==
Ceyms Millin oğlu. O, atasının rəhbərliyi ilə əla təhsil almışdır. Üç yaşında ikən qədim yunan dilini öyrənməyə başlamış Mill altı yaşında ikən tarixə aid müstəqil işlər yazır, on iki yaşı tamam olanda ali riyaziyyatı, məntiqi və siyasi iqtisadı öyrənməyə başlayır. On dörd yaşında təhsilini başa vurmuş Mill 1838–1858-ci illərdə Ost-Hind şirkətində xidmət etmiş, Hindistanın ingilislər tərəfindən idarə edilməsi ilə əlaqədar məsələlərin həllində iştirak etmişdir. 1865–1868-ci illərdə İngiltərə parlamentinin icmalar palatasının üzvü olmuş, burada mülkədar torpaqlarının kəndlilərə verilməsi və ya uzunmüddətli icarə şərtləri daxilində həmin torpaqların kəndlilərə təhkim edilməsinin tərəfdarı kimi çıxış etmişdir. 1843-cü ildə "Məntiqin sistemi" adlı əsərini çap etdirmişdir. Özünün ən məşhur iqtisadi əsəri olan "Siyasi iqtisadın əsasları" kitabını il yarım ərzində yazaraq 1848-ci ildə nəşr etdirmişdir (ruscaya tərcümə, C.1–2, 1865). Bu işdə müəllif Rikardonun ideyalarını son dərəcə inandırıcı və aydın şəkildə təbliğ etmiş, onun təlimini geniş oxucu kütləsi üçün daha anlaşıqlı və sadə dildə şərh etmişdir.