Hozumi Yatsuka
Hozumi Yatsuka (穂積 八束, 20 mart 1860, Uvacima[d], Ehime prefekturası – 5 oktyabr 1912, Kamakura[d]) – Yaponiya hüquqşünası, konstitusional hüquq araşdırmaçısı. Hüquqşünas Hozumi Nobuşiqenin kiçik qardaşıdır.
== Həyatı ==
Hozumi Yatsuka 1860-cı ildə indiki Ehime prefekturasının ərazisində doğulmuşdur. Atası Uvacima klanına mənsub olmuşdur. 1883-cü ildə Tokio Universitetini bitirmiş, Ernest Fenollosanın tələbəsi olmuşdur. 1884–1888-ci illərdə Heydelberq, Berlin və Strasburq universitetlərində təhsil almış, Paul Labandın tələbəsi olmuşdur.
Hozumi 1889–1912-ci illərdə Tokio Universitetinin professoru kimi konstitusional hüquq üzrə mühazirələr vermiş, 1897–1911-ci illərdə hüquq fakültəsinin sədri olmuşdur. Yaponiya Perlər Palatasının və İmperator Akademiyasının üzvü olmuşdur.
== Nəzəriyyələri ==
Hozumunin konstitusiya haqqındakı nəzəriyyələri imperatorun suverenliyini dəstəkləmiş və gücləndirmişdir. Parlamentar hökumətə qarşı olmuş, siyasi partiyalara həm qanunvericilikdə, həm idarəçilikdə güc verməyi dəstəkləməmişdir.