Əhməd Həmdi Tanpınar
Əhməd Həmdi Tanpınar (23 iyun 1901, Konstantinopol – 24 yanvar 1962, İstanbul) — Türkiyə şairi.
Əhməd Hamdi Tanpınar 1901-ci ildə İstanbulda anadan olub. Türkiyənin muxtəlif şəhərlərində orta təhsil aldıqdan sonra İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinə daxil olub və 1923-cü ildə bu fakültəni bitirib.
1942–1946-cı illərdə Maraşdan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilib.
Estet şair Əhməd Həmdi Tanpınarın şeirləri çox sonralar, 1961-ci ildə "Şeirlər" adı ilə kitablaşdı. Tanpınara görə, şeir şair ruhunun əzəli həqiqətlə təmasından doğan bir söhbət, gözəllik adlanan idealla bir an baş-başa qalmanın verdiyi bir sərxoşluqdur. Şeir kəlmələrin tərkibindən doğan ritm, ahəng kimi vasitələrlə dillə ifadə edilməsi mümkün olmayan iç vəziyyətlərimizi, daxili aləmimizi, həyəcanlarımızı, sevinc və kədərimizi ifadə edən və beləliklə, bizdə bədii maraq dediyimiz sehri ortaya çıxaran bir sənətdir. Dolayısı ilə, poeziya şairin başqasına yönələn təlqinlərindən, öyüdlərindən, yönləndirmələrindən uzaq olan, tamamilə şairin öz ruhunu hiss etmək, öz-özünü dinləmək, öz-özünü ifadə etmək səyidir. Şeir ruhi bir aramlıq və dərinlikdən doğur. Şair başqalarına, topluma necə faydalı ola bilərəm təşvişi ilə xaricə dönük bir fəaliyyət yerinə öz içinə yönəlib özünü dinləməyi və özünü ifadə etməyi bacarmalıdır.