KÜÇƏ

is.
1. Nəqliyyatın və adamların hərəkəti üçün yaşayış məntəqələrində iki sıra tikililər arasındakı açıq sahə, boş yer, yol. Küçənin qarını təmizləmək. Küçəni süpürmək. İstiqlaliyyət küçəsində yaşamaq.
– Kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar. M.F.Axundzadə.
Küçənin ortasında bir dəstə əsgər oxuya-oxuya addımlayırdılar. C.Məmmədquluzadə.
Yan küçədən çıxan bir qaraltı onun qarşısında dayandı. Ə.Sadıq.

□ Küçə həyatı keçirmək – avara, sərsəri həyat keçirmək, avaralanmaq, heç bir işlə məşğul olmamaq.
Zeynalın, başqa özü kimi səfilcəsinə küçə həyatı keçirən yoldaşları Mehribanın gözü qabağında keflənmişdilər. S.Hüseyn.

Küçə qadını (arvadı, uşağı, adamı) – tərbiyəsiz, əxlaqsız, baxımsız qadın (arvad, uşaq, adam). Küçə uşaqlarına qoşulmaq. Küçə adamına baş qoşmamaq.
– Qətibə, Qızıl Arslan sarayının qarşısına yetişənə qədər başını taxt-rəvanın pəncərəsindən çıxarıb küçəyə baxmaq istəmirdi, çünki o, küçə uşaqlarının qışqırtısını eşitdikcə əsəbiləşirdi. M.S.Ordubadi.

Küçə mirzəsi köhn. – keçmişdə küçədə oturub savadsız əhali üçün məktub, ərizə və s. yazan savadlı adam; mirzə.
Mirzə Cavad küçə mirzəsi idi. Ə.Haqverdiyev.

Küçə səngəri – bax barrikada.
Küçə sözü – ədəbsiz söz(lər), söyüş.
[Aygün:] – Əvvəl, mənə aşna demə! Bir anayam mən! Bizim evə yaraşmayır bu küçə sözü… S.Vurğun.

2. Binanın küçə tərəfi, küçə səmti. Küçəyə pəncərə açmaq.
□ Küçə qapısı1) evdən küçəyə açılan qapı. Küçə qapısını örtmək;
2) həyətdən küçəyə açılan qapı.
Məmmədhəsən əmi həyəti bir qədər dolanıb çıxdı küçə qapısının ağzına. C.Məmmədquluzadə.
Küçə qapısı açıldı. S.Hüseyn.

Küçə pəncərəsi – evdən küçəyə açılan pəncərə. Küçə pəncərəsini bağlamaq.
Küçəyə baxmaq – küçəyə açılmaq, küçəyə tərəf olmaq, küçəyə çıxmaq. Eyvan küçəyə baxır.
– Küçəyə baxan pəncərələrin çoxunun taxtası bağlandığından, yuxarı başa qaranlıq çökmüşdü. İ.Şıxlı.

◊ O küçə sənin, bu küçə mənim – çox gəzib yorulmaq, bütün küçələri dolanıb əldən düşmək. [Fatma həkim:] Otuz beş ildi uçastkovı həkim işləyirəm, bu küçə mənim, o küçə sənin, bu dalan sənin, o dalan mənim.
Heç olmasa işdən qayıdanda evdə bir rahatlıq görəsən. İ.Məlikzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÜÇƏ KÜÇƏ [Fəxri:] Axşamınız xeyir, küçədə işıqlar keçdi, dedim çətinlik çəkərsiniz (Ə.Babayeva); SOQAQ (arx
KÜBARLIQ
KÜÇƏ-BAZAR

Digər lüğətlərdə