Kamil Məmmədov (dövlət xadimi)
Kamil Seyid oğlu Məmmədov (18 avqust 1931, Qutqaşen) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi. O, 1972–1985-ci illərdə isə yeyinti sənaye naziri olmuş, 1976, 1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir.
== Həyatı ==
Kamil Seyid oğlu Məmmədov 18 avqust 1931-ci ildə Qəbələ (keçmiş Qutqaşen) şəhərində anadan olmuşdur.
1951-ci ildə orada orta məktəbi əla medalla qurtararaq Leninqrad Texnologiya İnstitutuna daxil olmuş, bu təhsil müəssisəsini mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
== Fəaliyyəti ==
Kamil Məmmədov 1956–1958-ci illərdə Azərbaycan SSR Ərzaq məhsulları sənayesi nazirliyində baş mexanik, 1959–1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri, 1962–1964-cü illərdə isə Bakı biskvit fabrikində baş mühəndis kimi çalışmışdır. O, 1964–1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini, 1970–1971-ci illərdə Ət-süd sənayesi nazirinin müavini, 1971–1972-ci illərdə Yeyinti sənayesi nazirinin müavini, 1972–1985-ci illərdə isə Yeyinti sənaye naziri vəzifələrində işləmişdir. Məmmədov daha sonra 1985–1991-ci illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 1-ci müavini — Respublika naziri (1985–1989), 1991–1992-ci illərdə Kənd təsərrüfatı nazirinin 1-ci müavini, 1993–1994-cü illərdə Yeyinti-sənaye şirkətinin vitse – prezidenti kimi çalışmışdır. O, 1994–1996-cı illərdə Taxıl məhsulları Dövlət şirkətinin prezidenti, 1996–1999-cu illərdə Taxıl Agentliyinin prezidenti olmuş, 1976,1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Fəaliyyət göstərdiyi dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan mineral sular zavodu, Zaqatala, Şəki və Qəbələ tütün-fermentasiya zavodları, Bakı maya kombinatı, Bakı tütün fabriki, Əli-Bayramlı hidrogenizasiya zavodu, Bakı çay və biskvit fabriklərinin filialları tikilmişdir. Gəncə və Əli-Bayramlı yağ-piy kombinatlarının yenidənqurma işləri aparılmışdır.