Dastanlarda kan “bu dünya”, məkan “o dünya” mənasında işlənir.
Saleh sövdəyər ondan soruşdu:
– Oğul, haradan gəlib, haraya gedirsən?
Qurbani dedi:
– Əmi, kandan gəlib, məkana gedirəm.
Saleh sövdəyər soruşdu:
– Sən bir tikə uşaqsan. Nə bilirsən kan nədi, məkan nədi?
Qurbani ona dedi:
– Əmi, kan bu dünyadı, məkan o dünya.
(“Qurbani”)
*
Məsum əfəndi Valehə salam verib dedi:
– Oğlum, söylə görüm, səfərin haradı?
Valeh salamı alıb ərz etdi:
– Əmi, səfərim kannan məkanadı.
Məsum əfəndi dedi:
– Oğlum, kan kandı, məkan nədi?
Aşıq Valeh dedi:
– Kan bu dünya, məkan da o dünyadı.
(“Valeh və Zərnigar”)
Prof. M.Qasımlının sözlərinə görə, aşıqdan haradan gəlib hara getdiyini soruşduqda arif aşıq konkret yer adı çəkməməlidir. Həqiqi aşıq bu suala “kandan məkana” cavabını verir.