1. Mütləq gərək olan, onsuz keçinmək mümkün olmayan; gərəkli, lüzumlu, vacib, zəruri.
□ Lazım bilmək (görmək) – yerinə yetirilməsini vacib saymaq, zəruri bilmək.
Xanla Vaqif uzun-uzadı məsləhətləşib yenə bəzi tədbirlər görülməsini lazım bildilər.
Rüstəm kişi rayonun rəhbər təşkilatları ilə mübahisə etməyi lazım bilmədi.
[Əfruz bacı] Mədədin öz ayağı ilə [Sübhanverdizadəyə] baş çəkməyini lazım gördü.
Lazım gəlmək – vacib olmaq; zəruri olmaq, məcburi olmaq, ehtiyac olmaq.
[Müəllim] hiss etdi ki, belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir.
Molla Sadığı da yuxudan oyatmaq lazım gəlmədi, səs eşidən kimi özü həyətə çıxdı.
Lazım olmaq – gərək olmaq, işə yaramaq.
[Gülçöhrə:] Sənə lazım olmaz, amma Telliyə lazım olar.
2. Xəbər şəkilçisi ilə: lazımdır – gərəkdir, vacibdir, ehtiyac hiss olunur.
Lazımdır mikrobları millətin bədənindən kənar eləmək.
[Birinci fəhlə:] Bu saat tətil etmək lazımdır.
[Bəhlul:] Durmaq, məsləhət eləmək vaxtı deyildir, o taya addamaq lazımdır.
◊ Lazım şəkli qram. – felin iş və ya hərəkətin icra edilməsinin lazım olduğunu bildirən şəkli; məs.: başlanasıdır, qalasıyam, yazası imiş, gələsi idik və s.