Elşad Mirbəşir
Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü, siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor.
== Həyatı ==
Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir.
1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.