sif. [
fars. ]
1. Müsəlman dini etiqadınca təmiz sayılmayan; napak (pak əksi). Murdar su.
– [Pişik itə:] Bil nə səbəbdən belə murdarsan; İstəməzsən xeyr apara hiç kəs. S.Ə.Şirvani.
□ Murdar etmək (eləmək) –
1) müsəlman dini etiqadınca pak sayılan şeyi murdar sayılan şeyə toxundurub, sürtüb və ya vurub onu da napak etmək. Əlini itə vurub murdar eləmək.
– [Arvad:] A kişi, a kişi, başuva daş, içəri girmə, üst-başın murdardır, aləmi murdar elərsən. H.Sarabski;
2) məc. dan. öldürmək, gəbərtmək. İnəyi murdar etmək.
Murdar olmaq –
1) müsəlman dini etiqadınca murdar sayılan şeyə toxunub, dəyib natəmiz, napak olmaq;
2) məc. dan. ölmək, gəbərmək (heyvan haqqında). Toyuq murdar oldu.
– [Mirzə İsmayıl:] Necə, yoxsa xanın qəzəbindən xəbəri yoxdur? Bilmirmi ki, o qədər vurarlar, qamçı altında canı çıxıb, it kimi murdar olar? Ə.Haqverdiyev;
// eyni mənada adam haqqında həqarətlə deyilir.
Əsəd o saat murdar oldu. “Qaçaq Nəbi”.
Göstərmə təbibə o cigərguşəni, zinhar; Qoyma ola murdar. M.Ə.Sabir.
[Əzim dayı:] Tüfəngin qundağı ilə nə qədər vurdumsa tərpənmədi, bu da murdar olmuşdu. A.Şaiq.
2. Ümumiyyətlə, pis, alçaq, iyrənc, ikrah doğuran, xoşa gəlməyən. Murdar təbiətli adam. Murdar iş.
– [Qurban:] Mənim bu murdar ürəyimi çəkib itlərə tullayın. Ə.Haqverdiyev.
[Maral:] Burada qalsam Turxan bəyin murdar nəfəsi, qoşulub qaçarsam namus, iffət məsələsi! H.Cavid.
// İs. mənasında.
Mən dünyada çox bihəya adamlar görmüşəm, amma bunun kimi murdarına hələ rast gəlməmişəm. N.Vəzirov.
3. məc. Zəhlətökən, xoşagəlməyən, pis. Bayırda murdar hava var.
– [Firidun bəy:] Ah, bu murdar səsləri susduracaq birinci top atəşi, başlamazmısan? H.Nəzərli.
[Rza:] Həmzə adını eşidən kimi mənim xəyalımda ağır, anlaşılmaz, murdar bir aləm açıldı. M.İbrahimov.