[
ər. ]
1. is. Yerlərdən xəbər yığıb göndərən qəzet, jurnal, radio, televiziya və başqa məlumat orqanı işçisi. Hərbi müxbir. Xüsusi müxbir.
– Oxuculardan təvəqqə edirəm ki, müxbirimiz Mozalanbəyin Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər. C.Məmmədquluzadə.
[Şərif:] Müxbir olsun, mühərrir olsun, şeir yaza bilməsin! C.Cabbarlı.
2. sif. köhn. Xəbəri olan, xəbərdar, baxəbər.
[Cahangir bəy:] Əhvalatdan müxbirəm, ərizələr sabah hazır olar. N.Vəzirov.
[Mehrəli bəy:] Görünür, əhvalatdan müxbir deyilsiniz. S.S.Axundov.
□ Müxbir etmək köhn. – hadisəni demək, bildirmək, haqqında məlumat vermək, xəbərdar etmək.
Çox danışıqdan sonra [Usta Ağabala] arvadını işdən müxbir etdi. Çəmənzəminli.
Müxbir olmaq köhn. – xəbərdar olmaq.
Əhli-şəhər Hacı Xəlilin vəfatından müxbir olub cəm oldular onun evinə. Ə.Haqverdiyev.
[Rəşid:] Dərhal Qurbanqulu əhvalatdan müxbir olub, ərizəni şəhərə aparıb vəkillərə verməyi öhdəsinə götürdü. T.Ş.Simurq.