İsi Məlikzadə
Məlikzadə İsi Abbas oğlu (1 may 1934, Ağcabədi rayonu – 12 may 1995, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan ədəbiyyatına yeni qəhrəman tipi gətirmiş, "60-cılar" nəslinin görkəmli nümayəndəsidir.
İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Orta təhsilini Ağcabədidə Xəlfərəddin kənd orta məktəbində, ali təhsilini indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində almışdı.
"Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957–1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961–1966), "Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966–1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974–1976), "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976–1980), "Ulduz" jurnalı redaksiyasında nəşr şöbəsinin müdiri (1980–1981), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981–1983), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir (1983–1985). Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988–1990) işləmişdir. Sonra ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ filialının sədri (1990-cı ildən) vəzifələrində çalışmışdır. 1995-ci il dekabrın 5-də vəfat etmişdir.
Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə, İsi Məlikzadə Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.