Məşrutə Evi
Məşrutə Evi — və ya Konstitusiya Evi 1869-cu ildə Təbrizdə Məşrutə hərakatının fəal üzvü, Hacı Mehdi Kuzəkünaninin sifarişi ilə tikilib. Məşrutə hərəkatı zamanı fədailərin və hərəkat üzvlərinin toplanma yeri olub. Məhz buna görə də bina hazırda Məşrutə Muzeyi kimi fəaliyyət göstərir.
Bina 1869-cu ildə Təbrizdə Məşrutə hərakatının fəal üzvü, Hacı Mehdi Kuzəkünaninin sifarişi ilə tikilib. Binanı məşhur Təbrizli Hacı Vəli Memar tikib. Rastabazar küçəsində yerləşən bina Təbriz bazarının və Cümə məscidinin yaxınlığında yerləşir. Qacar dövrünün memarlıq nümunəsi olan bina gözəl tavanı və rəngli pəncərələri ilə fərqlənir.
İki mərtəbəli binada yaşayan Kuzəkünani Məşrutə hərəkatı zamanı fəallıq göstərir və hərəkata maliyyə ayırır. Bundan başqa öz şəxsi evini fədailərin və hərəkat üzvlərinin qərargahına çevirir. Burada hərəkatın liderləri və fəalları Səttar xan, Bağır xan, Mirzə Əli Siqqətülislam, Əli Müsyo, Heydər xan Əmioğlu, Məhəmmədəli Tərbiyət daima yığışar və hərəkatla bağlı qərarlar verirdilər.