Pseudaulacaspis pentagona
Pseudaulacaspis pentagona (lat. Pseudaulacaspis pentagona) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin diaspididae fəsiləsinin pseudaulacaspis cinsinə aid heyvan növü.
Mərdəkan dendrarisində tut və söyüd bitkisi üzərində aparılan müşahidələrə əsasən, dişi fərdinin bədəni oval formada, sarı və ya açıq limon rəngində, uzunluğu 1,0-1,5 mm olmaqla çanağın altında yerləşir. Qanadları və ayaqları yoxdur. Dişi fərdin çanağı 1,5-2,5 mm uzunluqda, ağ-sarımtıl rəngdə olmaqla girdə və yastıdır. Erkək fərdi dişi fərddən fərqləndirən, onun sarı rəngdə bir cüt qanadlara malik olmasıdır. Erkəklərin nimfal çanağı ağımtıldır, uzunsovdur, 1 sürfə çanaqcığına malikdir ki, bu da çanağın baş tərəfində yerləşir. Yanlarda 2 ədəd uzunsov nov vardır. Sürfə çanağı çox yumşaq olub, içərisində erkək fərdlər inkişaf edir. Yetkin erkək fərdlər qanadlıdır, 3 cüt ətrafa, bığcığa və gözlərə malikdir.