Həzrə (Qəbələ)
Həzrə kəndi — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Həzrə kəndi Bunud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Həzrə kənd inzibati ərazi vahidi yaradılmışdır
== Toponimikası ==
Kəndin keçmiş adı Vəndam Həzrəsi olmuşdur. Kənddə yerli əhalinin Övliya türbələri adlandırdığı, XIV əsrə aid müqəddəs hesab edilən şeyx Bədrəddin və şeyx Mənsur türbələri var. Kəndin adı həmin türbələrlə bağlıdır. Ərəb dilində həzr "ocaq, pir" deməkdir.
== Tarixi ==
Həzrə "ev, ocaq, yaşayış yeri" deməkdir. Vaxtilə karvan yolunun üstündə olan bu qədim yurd yeri elmi, tarixi əhəmiyyəti ilə seçilir. Alimlərin fikrincə, Həzrədəki övliyalar sübut edir ki, vaxtilə bu xaniganlıqlar ölkədə mühüm maraq kəsb edən mərkəzlərdən sayılıb və karvan yolunun üstündə bərqərarlaşmış qüdrətli Şeyxlərin ölkənin müqəddəratında da önəmli rolu olmuşdur.
=== Tarixi abidələri ===
Orta əsrlərə aid qədim qəbiristanlıq arxeoloji abidəsi, Şeyx Bədrəddin (1446), Şeyx Məhəmməd (XV əsr), Şeyx Mənsur (XVI) türbələri memarlıq abidələri, şimalda Həzrə dağında Dördkünc formalı bürcdən ibarət, kirəc məhlulu ilə daşdan hörülmüş müdafiə qülləsi ərazinin qədimliyindən xəbər verir. Yerli əhali arasında "Qalayeri" kimi tanınan bu qüllə IX-XI əsrlərdə Qəbələ feodal hakimliyinin şərq sərhədlərini qorumaq üçün nəzarət məntəqəsi rolunu oynayır.