Qəbələ (antik şəhər)

KabalakaAzərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur.[1]

Kabalaka
Qala divarlarının və əsas giriş darvazası ətrafındakı bürclərin qalıqları
Qala divarlarının və əsas giriş darvazasının bərpa maketi
Xəritə
40°53′22″ şm. e. 47°42′56″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Qəbələ
Yerləşir Çuxur Qəbələ
Aidiyyatı Qafqaz Albaniyası
Tikilmə tarixi I əsr
Üslubu Alban memarlığı
Vəziyyəti xarabalıqları qalıb
İstinad nöm.54
KateqoriyaQala
ƏhəmiyyətiDünya əhəmiyyətli
Kabalaka (Azərbaycan)
Kabalaka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəbələ bir arxeoloji abidə kimi, hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş, onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq, burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir.

Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində KabalakaXabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir.[2]

Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km şərqdə, Qaraçay (Qəbələçay) ilə Covurluçay (Qalaçay) arasındakı yüksəklikdə yerləşir.[3] 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır.[4] Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən şimal tərəfdəki hissəni "Səlbir", xəndəkdən cənub tərəfdəki hissəni isə "Qala" adlandırır. Hər iki hissə bəzən "Səlbir", "Govurqala", bəzən də şəhərin təkcə "Qala" hissəsi "Govurqala" adlandırılır.[5] 1959-cu ildən Qəbələ şəhər xarabalığından 3–4 km şərqdə, yerli əhali tərəfindən Güllüqoruq və ya Çaqqallı talası adlandırılan yerdə qədim Qəbələnin məbəd yeri və bazar meydanının yerləşdiyi güman edilən üçüncü bir sahəsi, daha sonralar Kamaltəpə və Bayır şəhər hissələri aşkar edilmişdir.[6] Ümumiyyətlə Qəbələ şəhər xarabalığı öz tarixi coğrafiyasına görə hələlik Səlbir, Güllüqoruq (Çaqqallı talası), Kamaltəpə və Bayır şəhər adlı arxeoloji abidələr kompleksindən ibarətdir.[7]

Qəbələnin Səlbir hissəsi, şəhərin e.ə. III-eramzın XII əsrinədək olan dövrünü əhatə etməklə, onun ən mühüm və qədim hissəsini təşkil etmişdir. Səlbirin ümumi sahəsi 12 hektardan bir az artıqdır.

Qəbələ şəhər xarabalığını iki hissəyə ayıran xəndəyin cənub tərəfini yerli əhali Qala, yaxud da Govurqala adlandırır. Qəbələnin qala hissəsi təxminən VI əsrdən başlayaraq XVIII əsrin ortalarınadək olan bir dövrü əhatə etməklə, əsasən orta əsr şəhəri olmuşdur. Onun ümumi sahəsi hazırda 13 hektara qədərdir.

Şəhərin Qala hissəsinin cənub darvazası qarşısında yerləşən təbii təpəlik yerli əhali tərəfindən Kamaltəpə adlandırılmışdır. Kamaltəpə sözü şəxs adına bağlıdır. Vaxtilə Kamal adlı bir yerli sakin burada təsərrüfat işləri ilə məşğul olduğu üçün təpə onuun adı ilə adlandırılmışdır.

1977-ci ildə Kamaltəpənin cənub ətəyi meşə örtüyündən təmizlənən zaman, buradan da yaşayış yeri xarabalığı üzə çıxmışdır. Bu xarabalıq təxminən 10 hektarlıq bir ərazini əhatə edir.

Qəbələ şəhər xarabalığından 3–4 km şərqdə yerləşir. Onun şimal tərəfini indiki Tövlə kəndi ilə qoruq arasındakı meşəlik, cənub tərəfini isə süni torpaq sədd və böyük bir əkin sahəsi, qərb tərəfini Covurluçay, şərq tərəfini Qocalançay sərhədləndirir. Covurluçay Güllüqoruq ilə Qəbələ şəhər xarabalığı arasında təxminən 2 km enində eyni adlı dərədən axır.

  1. Алиев И., Гадиров Ф. Кабала. Баку, 1986
  2. Бабаев И.А., Ахмедов Г.М. Кабала. Баку, 1980
  3. Гадиров Ф.В. О поселении античного периода, выявленного в Кабалинском магале.//ИАН АзССР, серия истории, философии, права, 1978, № 2.
  4. Гадиров Ф.В. Работы 1975 года на городище Кабала (Сельбире). АЭИА в 1975 г. Баку, 1978.
  5. Казиев С.М. Первые итоги археологических разведок и раскопок в городище Кабала. МКА, VI, 1965
  6. Qazıyev S.M. Qəbələ şəhərinin tarixi-arxeoloji tədqiqi. MKA, V, Bakı, 1964
  7. Qazıyev S.M. Qəbələ mahalının qədim tarixindən. VİKA, Bakı, 1962
  1. Rəşid Göyüşov. Azərbaycan arxeologiyas, Bakı, 1986.
  2. İ.Əliyev, F.Qədirov. Qəbələ şəhər xarabalığının arxoloji tədqiqinə dair, Azərbaycan abidələri dərgisi, I sayı, Bakı, 1984