RÖVNƏQ

is. [ ər. ] klas. Parlaqlıq, gözəllik, zinət; lətafət, təravət; işıq.
Gülşənin rövnəqisən, zinəti bağü çəmənin. M.P.Vaqif.
Nədən qəhrəmanım çıxmayır düzə? Rövnəq deyilmidir günəş gündüzə? M.Rahim.

□ Rövnəq tapmaq – daha da gözəlləşmək, təravətlənmək, parlaq olmaq.
Ömür rövnəq tapır könül güləndə; İnsanın qədrini insan biləndə. S.Vurğun.
Yarandı qardaşlıq, bir də məhəbbət; Könül rövnəq tapdı, qəlb işıqlandı. Aşıq Şakir.

Rövnəq vermək1) bir şeyin gözəlliyini, parlaqlığını, yaraşıq və lətafətini artırmaq; gözəlləşdirmək, zinətləndirmək.
Oxuyur hər biri beş-altı vərəq; Sonradan saqqala verir rövnəq. S.Ə.Şirvani.
Ömrümə rövnəq verən, minnətsiz minnət çəkən, ağrıma dözən Ruqiyyə idi, Ruqiyyə… A.Divanbəyoğlu.
Eşqin qüdrətlidir… Bu eşq ilə sən; Qara torpağa da rövnəq verərsən. B.Vahabzadə;

2) qüvvət vermək, rəvac vermək, daha da inkişaf etdirmək.
İbrahim günü-gündən ticarətinə rövnəq verib böyük bir tacir oldu. (Nağıl).

Rövnəqdən düşmək – gözəlliyini itirmək, təravətdən düşmək, əvvəlki gözəlliyini, təravətini, lətafətini, parlaqlığını itirmək.
Buradan nə qədər gül-çiçək dərsəydilər, yenə də gülşən rövnəqdən düşməzdi. M.Hüseyn.
Eyşü işrət məclisi, əlbəttə, rövnəqdən düşər; Naleyi-ney, şuri-mütrüb, nəğmeyi-tar olmasa. Ə.Vahid.

Rövnəqdən salmaq1) təravətini, gözəlliyini pozmaq;
2) məc. yayılmağa, inkişaf etməyə qoymamaq.
Təziyə məclislərini rövnəqdən salmaq məqsədilə kinolar və sair ictimai əyləncələr təşkil edilsin. M.S.Ordubadi.

Rövnəqi pozulmaq – bax rövnəqdən düşmək.
Rövnəqi pozulub otağımızın; Ziyası qalmayıb çırağımızın. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RÖVNƏQ parlaqlıq — gözəllik — lətafət
  • RÖVNƏQ bəzək — zinət — dəbdəbə — cah-cəlal

Etimologiya

  • RÖVNƏQ Ərəbcə “parlaq” deməkdir, növraq bunun təhrif formasıdır. Rövşən də bu sözlə eyni kökə malikdir, “parıltı”, “işıq” deməkdir
ROZMARİ́N
RÖVNƏQLƏNDİRMƏ

Digər lüğətlərdə