Asif Rüstəmli
Asif Rüstəmli (16 fevral 1954, Qiyaməddinli, Ağcabədi rayonu) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (2012), professor (2018), AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri (2014–2018), Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının şöbə müdiri (2018, 12 sentyabr), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), AYB tərkibində Cəfər Cabbarlı komissiyasının sədri (2015), Prezident təqaüdçüsü (2014–2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003–2018), Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü (2013–2018).
== Həyatı ==
16 fevral 1954-cü il Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub, 1982-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.
Asif Rüstəmli 1988-ci ilin yanvar ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müsabiqə yolu ilə daxil olmuş, baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlmiş, "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzinin (indiki AMEA Folklor İnstitutunun) direktoru (1991–1995), Elmi nəşrlər bölməsinin (1995–1999) və Mətbuat tarixi və publisistika şöbəsinin (2014–2018) müdiri vəzifələrində işləmişdir. 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Humanitar, ictimai elmlər və sənətşünaslıq, 2020-ci ilin mart ayından isə Akkreditasiya şöbəsinin müdiri, AAK Kollegiyasının üzvüdür.
Asif Rüstəmlinin elmi fəaliyyətinin əsas istiqamətini cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, ərəb qrafikasından transliterasiya və tərtib edib, ön söz, qeydlər və şərhlər yazaraq "Ədirnə fəthi" adı ilə 1996-cı ildə "Elm" nəşriyyatında çap etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik "Əsərləri"nin də tərtibi, ön sözü və şərhləri Asif Rüstəmliyə məxsusdur. O, bu nəşrə "Bədii həqiqətlər ustası" sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazmış, sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa etmiş, bir sıra nümunələr ilk dəfə çoxcildlikdə işıq üzü görmüşdür. Təhsil Nazirliyinin qərarı ilə "Azərbaycan ədəbiyyatı" seriyasından buraxılan Cəfər Cabbarlının "Seçilmiş əsərləri"ni (Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2004, 45.8 ç.v.) də Asif Rüstəmli tərtib etmiş, nəşrə geniş ön söz, qeyd və şərhlər yazmışdı. O son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur.