RAHATLIQ

is.
1. Qayğı, üzüntü, həyəcan, şübhə və s. olmadığı hal; asudəlik, dinclik, qayğısızlıq.
Bu sözlərdən sonra Bəyim sanki öz qəlbində bir rahatlıq hiss etdi. İ.Əfəndiyev.
[Hacı Murad:] Bu zalım uşaqlarının əlindən bir saat da rahatlığım yoxdur. S.S.Axundov.

□ Rahatlığını pozmaq – narahat etmək, rahat qoymamaq, dincliyini pozmaq.
[Rza:] [Bayquş] gələn gündən atamın da, anamın da rahatlığı pozulmuşdu. M.İbrahimov.
[Natiq:] Məni bağışlayın, Fərrux əmi, rahatlığınızı pozdum. B.Bayramov.

Rahatlıq verməmək – daim narahat etmək, dinc qoymamaq, rahat buraxmamaq.
[Pəri Gülnisəyə:] [Əbdül] daha bizə rahatlıq vermir, gedir, hərdənbir bəhanə ilə yüyürüb gəlir. C.Cabbarlı.
Məlun şübhə Məmmədbağıra rahatlıq vermirdi. S.Hüseyn.

2. İstirahət, dinclik, dincəlmə. Heç rahatlığı yoxdur.
– Yazın istisində, qışın qarında; Rahatlıq bilmədən yürür bu karvan. M.Müşfiq.

□ Rahatlıq etmək (eləmək) dan. – dincəlmək, istirahət etmək, dincini almaq.
Gülnar xanım bir az rahatlıq eləyəndən sonra bu gəlməyinin səbəbini dedi. (Nağıl).

3. Rahatlıqla şəklində zərf – dərdqəmsiz, firavan, rahat.
Hacı Sultan … iki evindən aldığı kirələrin sayəsində rahatlıqla keçinirdi. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RAHATLIQ 1. RAHATLIQ, ARAM, ASUDƏLİK, QAYĞISIZLIQ, QULAQ DİNCLİYİ, QƏRAR 2. rahatlıq bax istirahət
  • RAHATLIQ dinclik — sakitlik — sükut — səssizlik — istirahət — asudəlik
RAHATLAŞMAQ
RAHATSIZ

Digər lüğətlərdə