Vidiadxar Suracprasad Naypol
Vidiadxar Suracprasad Naypol (ing. Sir Vidiadhar Surajprasad Naipaul; 17 avqust 1932[…], Çaquanas – 11 avqust 2018[…], London) — hind əsilli Britaniya yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2001).
== Həyatı ==
XXI yüzilliyin ilk Nobel mükafatı laureatı, hind əsilli Britaniya yazıçısı Vidiadxar Suracprasad Naypol Trinidad və Tobaqoda doğulmuşdur. O, öz ölkəsi miqyasında bir sıra tanınmış ədəbi şəxsiyyətlər və siyasətçilər yetirən Kapildeo nəslindən idi. Kapildeo nəsli Karib hövzəsinə Hindistanın cənubundan köçmüşdü. Vidiadxarın atası Seeperesad Naypol (1906-1953) "Trinidad Guardian" qəzetinin müxbiri idi. Onun "Qurudevanın macəraları" romanı ölümündən çox sonra, 1976-cı ildə Londonda nəşr edilmişdi. Əslində, zavallı ata qonorar hesabına ailəsinin maddi vəziyyətini bir qədər düzəltmək üçün roman yazmağa girişmiş və əsərin əlyazmasını 50-ci illərin sonlarında Londonda təhsil alan oğlu Vidiadxar Naypola göndərmişdi. Seeperesad hər iki oğlunun ədəbiyyata həvəslərini hər vasitə ilə təşviq edirdi. Nobel laureatının kiçik qardaşı Şiva Naypol (1945-1985) da Britaniya yazıçısı və jurnalist kimi yaxşı tanınırdı.