Habsburqlar sülaləsi
Habsburqlar sülaləsi — Avropanın ən nüfuzlu və məşhur kral ailələrindən biridir. 1438–1740 tarixlərində Müqəddəs Roma imperiyasını idarə edən bu sülalə bir neçə holland və italyan hakimlə yanaşı, Bohemiya krallığı, İngiltərə krallığı (evliliklə), Almaniya krallığı, Macarıstan krallığı, Xorvatiya krallığı, İkinci Meksika imperiyası, İrlandiya krallığı (evliliklə), Portuqaliya və İspaniya krallığına da krallar və imperatorlar yetişdirmişdir. XVI əsrdən etibarən, V Karldan sonra ailə Avstriya və İspaniya qollarına ayrılmışdır. Ayrı-ayrı bölgələrdə hakimiyyətdə olsalar da, yaxın münasibət qurdular və tez-tez baş tutan nikahlarla bu iki qol yenidən birləşdi.
Ailə öz adını 1020-ci illərdə indiki şimali İsveçrədə Qraf Radbot tərəfindən inşa olunmuş Habsburq qalasından alır. Onun nəvəsi II Otto isə ilk dəfə qalanın adını "Habsburq qrafı" olaraq titul kimi özünə götürmüşdür. Habsburq ailəsi XI, XII və XIII əsrlər boyunca ailə məclisi ilə idarə olumuşdur. 1276-cı ildə Qraf Radbotun yeddinci nəsildən nəvəsi sayılan Almaniya kralı I Rudolfun 1276-cı ildə Avstriya qraflığına gəlişi ilə ailənin mərkəzi Habsburq qalasından Avstriya qraflığına yüksəldi.
Kral ailələri ilə bağlanan nikahlar vasitəsilə ailə Burqundiya, İspaniya və onun müstəmləkə torpaqları, Bohemiya, Macarıstan və digər ərazilərdə haqq iddia edirdi. XVI əsrə gəldikdə isə ailə iki qola ayrılmış, bunlardan V Karlın oğlu II Flipp böyük İspaniya qolunu, qardaşı I Ferdinand isə kiçik Habsburq monarxiyası qolunu idarə etdi.