Turxan Gənceyi
Turxan Gənceyi – filoloq alim, filologiya elmləri doktoru, professor.
1925-ci ildə Təbrizdə doğulmuşdur. Orta təhsilini Təbrizdə, ali təhsili İstanbul universitetinin ədəbiyyat fakültəsində almışdır. Əmək fəaliyyətinə Neapol universitetinin şərqşünaslıq fakültəsində dərs deməklə başlamışdır. Eyni zamanda Frankfurt na Mayne və Hamburq universitetlərinin şərqşünaslıq universitetlərində dərs demişdir. 1959-cu ildən London universitetində tələbələrə türk xalqlarının ədəbiyyatı və "Dədə Qorqud" eposu haqqında mühazirələr oxumuşdur. Kembric universitetinə dəvət alıb, burada, 1984-cü ildə Turxan üçün məxsusi olaraq fars və türk ədəbiyyatı kafedrası açılır.
Turxan Gənceyi, Xətai, M. F. Axundov, C. Məmmədquluzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov və bir sıra başqaları haqqında ədəbiyyatşünaslıq məqalələrinin müəllifidir. Azərbaycanın şair və yazıçılarının əsərlərini ingilis dilinə çevirmişdir. Turxan Gənceyi böyük Azərbaycanın şairi Xətai haqqında (I Şah İsmayıl) monoqrafiya yazarkən Britaniya muzeyində saxlanılan əlyazmalardan istifadə etmişdir.