1. Sınama, sınaq, yoxlama. Təcrübə uçuşu. Təcrübə müddəti. Təcrübə məşğələləri.
□ Təcrübə etmək (aparmaq) – təcrübə yolu ilə yoxlamaq, sınamaq. Yeni buğda növü üzərində təcrübə aparmaq.
Təcrübədən çıxmaq – yoxlanmaq, sınanmaq.
Təcrübədən çıxmış – təcrübəli, bərkdənboşdan çıxmış, sınaqdan çıxmış, sınanmış.
Təcrübədən keçirmək – yoxlamaq, sınamaq. Məhsuldar pambıq növünü təcrübədən keçirmək.
2. Tədqiq etmək üçün hər hansı bir hadisəni süni surətdə yaradılmış şəraitdə təkrar etmə; elmi bilikləri laboratoriya yolu ilə yoxlama. Təcrübə gözlənilən nəticəni vermədi. Alimin apardığı təcrübələr müsbət nəticə verdi.
3. Həyatdan, praktiki fəaliyyətdən və s.-dən əldə edilmiş biliklərin, vərdişlərin məcmusu. İstehsalat yenilikçilərinin təcrübəsi. Həyat təcrübəsi.
// Keçmişdə olmuş, işdə, həyatda yoxlanmış, sınanmış, əvvəllər təsadüf olunmuş şey. Şəxsi təcrübənin nəticəsi.
4. Adamların, cəmiyyətin yaşaması üçün lazım olan şəraiti yaratmağa yönəldilmiş fəaliyyətin məcmusu; praktika. Nəzəriyyənin təcrübəyə təsiri.
5. Hər hansı nəticələrin, müddəaların praktik işdə tətbiqi və yoxlanması. Səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək.
6. Hər hansı bilik və vərdişlərin işdə tətbiq edilməsi, bir işi yaxşı mənimsəmək üçün müntəzəm məşğul olma, təlim keçmə. Gənc fəhlə birillik təcrübədən sonra usta oldu.
// Tələbələrin, şagirdlərin və b.-nın nəzəri biliklərinin, tədris prosesinin tərkib hissəsi kimi işdə tətbiqi və sabitləşməsi. Tələbələrin pedaqoji təcrübəsi. İstehsalat təcrübəsi.