Nikolay Vavilov
Nikolay İvanoviç Vavilov (rus. Никола́й Ива́нович Вави́лов; 13 (25) noyabr 1887, Moskva – 26 yanvar 1943[…] və ya 1943, Saratov) — rus əsilli SSRİ genetiki, botaniki və aqronomu. Alim mədəni bitkilərin mənşəyi üzrə araşdırmalar aparmış, həyatını buğda, qarğıdalı və sair taxıl bitkilərinin qida mənbəyi kimi inkişaf etdirilərək, bəşəriyyətin istifadəsinə verilməsinə həsr etmişdir.
Akademik Vavilov 1920-ci ildə ümumi Rusiya seleksiya qurultayında homoloji sıralar qanunu haqqında məruzə etdikdə professor V. V. Zelenski demişdir: "Bu tarixi bir qurultay oldu. Bioloqlar öz Mendeleyevini təbrik edə bilərlər". Bu fikir homoloji sıralar qanununun əsas mahiyyətini şərh edir. Mendeleyev cədvəlində bir sıraya düzülmüş elementlərin xassələri məlum olduqda həmin sıraya daxil ola biləcək, lakin hələ tapılmayan elementlərin də xarakter xüsusiyyətlərini əvvəlcədən qeyd etmək mümkündür. Vavilovun qanununa görə, bir fəsiləyə, məsələn, taxıllar fəsiləsinə mənsub olan bir növdə müəyyən bir mutasiya görünmüşsə, həmin fəsiləyə mənsub başqa cinslərdə və növlərdə də bu cür mutasiyaları gözləmək olar.