Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı.[1]
Hümmət Partiyası Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı | |
---|---|
Quruluş tarixi | oktyabr 1904 |
Dağılma tarixi | 11 fevral 1920, 27 aprel 1920 |
Birləşən |
Ədalət Partiyası (1920) Əkinçi Partiyası (1920) |
Bölünmə | Müsavat Partiyası (1911) |
Sələfi | Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi |
Xələfi |
İctimaiyyun-Amiyyun (1907) Azərbaycan Kommunist Partiyası (1920) |
İdeologiya | sosial-demokratiya |
Müttəfiqlər |
Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) (bolşevik) Sosialistlər fraksiyası (menşevik) |
Parlamentdə |
7 / 120 (27 aprel 1920) |
Mətbuat orqanı |
Hümmət qəzeti Al bayraq Probujdenie (Tiflis) |
Vikianbarda əlaqəli mediafayllar |
1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı.[2] Təşkilat bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi.
"Bu qrupun müstəqilliyini müsəlman fəhlələri ilə işin xüsusiyyətləri şərtləndirirdi. Təşkilatın məhz bu formada fəaliyyət göstərməsi çox uğurlu idi, çünki bizim işimizdə elə məqamlar var idi ki, "Hümmət" müstəqil şəkildə çıxış etməyə məcbur idi." S.M.Əfəndiyev
|
Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı.
Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar.
Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı. Bolşeviklərin proqramındakı millətlərin öz müqəddəratını təyinetmə prinsipinin cəlbediciliyi və ümumiyyətlə, sosial demokratiyanın mövcud hakimiyyətə müxalifliyi öz xalqını milli əsarətdən qurtarmaq ümidi ilə yaşayan ziyalıları onun sıralarına cəlb edirdi.
Bu cavan nəsil müxalif sosializmdə çarizmə qarşı ən sadiq olmasa da, ən əlverişli müttəfiqini görürdü.[3] Məhəmməd Əmin Rəsulzadə
|
Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsinin Hümmətin iclaslarında təmsilçisi Prokofi Caparidze, Hümmətin isə Rusiya Sosial Demokrat Fəhlə Partiyasında təmsilçisi Sultanməcid Əfəndiyev idi. Hümmətin RSDFP Bakı Komitəsi və "Balaxanı və Bibiheybət Fəhlələrinin İttifaqı" təşkilatı ilə birlikdə təşkil etdiyi ilk siyasi aksiyalardan biri 1904-cü ilin dekabr tətili olmuşdu. Bu tətil, Rusiyada ilk dəfə olaraq, fəhlələrlə mədən-zavod sahibləri arasında kollektiv müqavilənin ("Mazut konstitusiyası"nın) imzalanması ilə nəticələndi.
1905-ci ilin fevral və avqust aylarında erməni-daşnakların azərbaycanlılara qarşı törətdikləri soyqırımları zamanı Hümmət əhalinin sakitləşdirilməsində və qırğınların qarşısının alınmasında böyük rol oynadı. 1905-ci ilin fevralınadək çıxan "Hümmət" qəzeti 6-cı nömrəsindən sonra "zərərli istiqamətinə görə" bağlandı. Məhəmməd Əmin Rəsulzadənin sözlərinə görə, bu qəzet partiya orqanı olan ilk türk qəzeti idi. 1905-ci ildə İran inqilabının başlanması ilə əlaqədar Hümmətin fəaliyyəti xüsusilə genişləndi. Cənubi Azərbaycanın azad edilməsinə olan ümidlərini İran inqilabının qələbəsinə bağlayan hümmətçilərin, demək olar, hamısı bu inqilabda iştirak etdilər.
Hümmətin fəaliyyətində Azərbaycan dilində qəzetlərin nəşri əhəmiyyətli yer tuturdu. 1906–07 illərdə təşkilat "Dəvət-Qoç", "Təkamül" və "Yoldaş" qəzetlərini buraxırdı. Onların böyük hissəsi milli maariflənmənin ənənəvi problemlərinə, zəhmətkeşlərin ağır şəraitinə və ayrı-ayrı hallarda cahil ruhanilərin tənqidinə həsr olunmuşdu. 1907-ci ilin iyununda üzvlərinin əksəriyyətinin həbs edilməsi nəticəsində təşkilat xeyli zəiflədi. Hümmətin Bakı şöbəsinin həmin dövrdəki fəaliyyəti barədə son məlumatlar 1910-cu ilə aiddir, bundan sonra isə təşkilat 1917-ci ilə kimi, demək olar, fəaliyyət göstərməmişdir.[3]
1917-ci ilin martında, Rusiyada Fevral inqilabından bir neçə gün sonra, Hümmətin bir çox keçmiş üzvü təcili olaraq konfrans keçirib, təşkilatn RSDF(b)P-nin Bakı Komitəsi ilə birləşməsi məsələsini müzakirə etdilər. Lakin təşkilatın öz ənənələri olduğu və müsəlman kütlələrinin psixologiyası nəzərə alınaraq, səs çoxluğu ilə, partiyanın RSDF(b)P ilə birləşməsi və Hümmət adının saxlanılması qərara alındı.[4] Təşkilatın müvəqqəti komitəsi yaradıldı. 1917-ci il iyunun 16-da, Nəriman Nərimanov başda olmaqla, Hümmətin daimi şəhər komitəsi seçildi. Komitəyə 14 üzv, o cümlədən Sultanməcid Əfəndiyev, Həmid Sultanov, Əsədulla Axundov, Məşədi Əzizbəyov, Ağababa Yusifzadə, Bünyad Sərdarov, Möhsün İsrafilbəyov, Tağı Şahbazi daxil idi. Bolşeviklərin proqramını təşkilatın əsas proqramı kimi qəbul etmək qərara alındı. İyulun 3-dən Nəriman Nərimanovun redaktorluğu ilə "Hümmət" adlı qəzet çap olunmağa başladı. Bakının Binəqədi, Suraxanı, Sabunçu rayonlarında, Gəncə, Lənkəran, Şamaxı və Naxçıvanda təşkilatın şöbələri yaradılmışdı.
İyulun sonlarında isə Azərbaycan xalqının milli oyanışı və təşkilatlanmasından ehtiyat edən Bakı bolşeviklərinin təzyiqi nəticəsində Hümmət təşkilatında parçalanma baş verdi. Sol qanadı təşkil edən hümmətçilər bolşeviklərlə sıx əlaqədə işləyirdilər, sağ qanad isə menşevikyönlü hümmətçilərdən ibarət idi. Onlar sosial demokrat menşevik Tiflis Hümməti ilə və onun liderləri olan İbrahim Əbilov, Səməd ağa Ağamalıoğlu, Əhməd Pepinov və b. ilə əməkdaşlıq edirdilər.
Tiflis hümmətçiləri 1918-ci ilin ikinci yarısında Bakıya köçdükdən sonra Azərbaycan Parlamentinin Hümmət və Sosialistlər fraksiyasını təşkil etmişdilər. 1918-ci ilin aprel ayında Bakıda Hümmətin hər iki qanadının gərgin polemika şəraitində konfransı keçirildi. Əsas mübahisə mövzusu Hökumətə və Parlamentə münasibət idi. Mübahisələrə baxmayaraq, konfrans Hümmət təşkilatının 11 nəfərdən ibarət vahid Mərkəzi Komitəsini seçdi (onların 7-si — Mirzə Davud Hüseynov, Əliheydər Qarayev və b. Hümmətin sol qanadını təmsil edirdilər). Lakin 1919-cu ilin yayında bolşeviklərin Bakı komitəsinin Hümməti Rusiya Kommunist Partiyasına (RK(b)P) birləşdirmək niyyəti məlum olduqdan sonra menşevik hümmətçilər təşkilatdan çıxdılar. Bolşevik hümmətçilər Ruhulla Axundovun rəhbərlik etdiyi azərbaycanlı sol eserlərlə birləşməyə də meyl göstərirdilər. Lakin bu cəhdlər uğursuzluqla nəticələndi. Bolşevik hümmətçilər RK(b)P-nin Qafqaz Diyar Komitəsinin və RK(b)P Bakı Komitəsinin təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının yaradılması məsələsini dəstəklədilər. 1919-cu ilin yayından etibarən bu istiqamətdə fəal iş aparıldı.
1920-ci il fevralın 8-də bolşevik Hümmətin, Ədalət Partiyasının və RK(b)P Bakı Komitəsinin birgə iclasında Azərbaycan kommunist təşkilatlarının təsis qurultayının keçirilməsi haqqında qərar qəbul olundu. Azərbaycan kommunist təşkilatlarının (RK(b)P Bakı Komitəsi, sol Hümmət, Ədalət və Əkinçi) fevralın 11–12-də keçirilən 1-ci qurultayında bu təşkilatlar birləşərək, Mirzə Davud Hüseynovun sədrliyi ilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının (AK(b)P) yaradılması haqqında qərar qəbul etdilər. Bu vaxtdan etibarən bolşevik Hümmətin müstəqil fəaliyyətinə son qoyuldu. Parlamentdə yalnız Səməd ağa Ağamalıoğlunun rəhbərlik etdiyi menşevik Hümmət üzvləri fəaliyyət göstərirdi.[3]
Hümmət Partiyasını Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində əvvəl 6 deputat, daha sonra isə 7 deputat təmsil edirdi. Partiya adından Əkbər ağa Şeyxülislamov Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinə daxil edilmişdi. Üzvləri Parlamentin maliyyə-büdcə, təsərrüfat, aqrar, sorğu komissiyalarının tərkibinə daxil edilmişdilər.
Hümmətçi Qasım bəy Camalbəyov Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti açılarkən, Hümmət tərəfindən Əkbər ağa Şeyxülislamov çıxış edərək, Parlament üzvlərini partiyanın bəyannaməsi ilə tanış etmişdi. Bəyannamədə fəhlə hüququ, qadın azadlığı, torpaq məsələsi kəskin şəkildə qoyulurdu.
Fraksiya rəhbəri Səməd ağa Ağamalıoğlunun başçılıq etdiyi aqrar komissiyanın yaradılması da təsadüfi deyildi. Belə ki, kəndlilərin ağır vəziyyəti Parlamenti xüsusi komissiya yaratmağa məcbur etdi. Lakin aqrar komissiyanın işləri başa çatmadı, aqrar qanun layihələrinin heç biri qanun statusu almadı və bununla, Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün zəruri olan ən mühüm məsələlərdən biri həll olunmamış qaldı. Hümmət Partiyasından olan deputatlar da sosialistlər fraksiyası tərkibində Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyətinə münasibətdə kəskin müxalifətdə olmuş və Şimali Azərbaycanın yenidən Rusiyanın tərkibinə qatılmasında fəal rol oynamışlar.[5]
AK(b)P 1920-ci il aprelin əvvəlindən etibarən RK(b)P Qafqaz Diyar Komitəsi ilə birgə Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalı və kommunist çevrilişi planını hazırlamağa başladılar. Aprelin 27-də Bakının işğalçı sovet qoşunları tərəfindən mühasirəyə alındığı şəraitdə, Həmid Sultanov AK(b)P MK, RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə hakimiyyətin Nəriman Nərimanovun rəhbərliyi ilə sovet fəhlə-kəndli hökumətinə təhvil verilməsi haqqında ultimatum təqdim etdi. Parlament buraxılandan dərhal sonra, aprelin 28-də, Nəriman Nərimanovun sədrliyi ilə, Mirzə Davud Hüseynov, Dadaş Bünyadzadə, Abid Alimov, Əliheydər Qarayev, Həmid Sultanov və Qəzənfər Musabəyovun daxil olduğu Azərbaycan Müvəqqəti İnqilab Komitəsi (AMİK) yaradıldı.[3]
1907-ci il repressiyalarından sonra Hümmətin Bakıdakı fəaliyyəti məhdudlaşsa da, şəhərdən kənarda apardığı iş davam etməkdə idi. Təşkilatın şöbələri Gəncədə, Şuşada, Naxçıvanda, Culfada fəaliyyət göstərirdi. Lakin onların arasında həm üzvlərinin sayına, həm də siyasi fəallığına görə ən əhəmiyyətlisi Hümmətin 1905-ci ildə yaranmış Tiflis şöbəsi idi
Hümmətin Tiflis təşkilatı "Müsəlman sosial-demokrat (menşevik) Hümmət Partiyası" adlanmışdı. Təşkilat yerli sosial demokratlarla İran inqilabçılarını Bakı təşkilatına nisbətən daha çox birləşdirirdi. Tiflisdə "İctimaiyyun-Amiyyun" və ya "Mücahid Partiyası"nın şöbələri də fəaliyyət göstərirdi. 1906-cı ildə Bakıda və Tiflisdə İran inqilabçılarına yardım komitələri yaradılmışdı. Bakı komitəsinə Məşədi Əzizbəyov, Tiflis komitəsinə isə Nəriman Nərimanov rəhbərlik edirdi. İran inqilabçılarına yardım göstərilməsi 1909-cu il Təbriz üsyanı zamanı daha da gücləndi. Təbriz üsyançılarına köməyə gedən və əksəriyyəti azərbaycanlılardan ibarət olan Cənubi Qafqaz könüllülərinin sayı 800 nəfərə çatırdı. Onlardan 50 nəfəri Təbrizin müdafiəsi zamanı həlak olmuşdu. 1911-ci ilin dekabrında inqilab yatırıldıqdan sonra Təbrizdə və Rəştdə hərbi-səhra məhkəmələri təşkil edilmişdi. 200-dək könüllü yayına bilsə də, çoxları həbs olunmuşdu. O zaman İranda olan Məhəmməd Əmin Rəsulzadə və Seyid Həsən Tağızadə təqiblərdən yaxa qurtarmaq üçün Türkiyəyə getməyə məcbur olmuşdular. İranda, eləcə də Rusiyada hümmətçilərin təqib edilməsi, həbs və sürgün olunması Tiflis Hümmətinə və onun Azərbaycanın müxtəlif bölgə və şəhərlərindəki şöbələrinə ağır zərbə vurdu. Tiflis təşkilatının Bakı Hümmətindən daha uzun müddət mövcud olmasına baxmayaraq, 1911-ci ildən sonra onun fəaliyyəti barədə də məlumat, demək olar ki, yoxdur. Bu təşkilat yalnız 1917-ci ilin martından bərpa olundu.[3]