Mirzə Fətəli Axundov küçəsi (Şuşa)

Mirzə Fətəli Axundov küçəsi və ya Rasta bazar küçəsiŞuşa şəhərinin tarixi mərkəzində yerləşməkə DivanxanaMeydanı birləşdirən, XIX əsrin II yarısından etibarən isə həm də əsas ticarət mərkəzi rolunu oynayan tarixi küçə.

Mirzə Fətəli Axundov küçəsi
Ümumi məlumatlar
Ölkə
Şəhər Şuşa rayonu
Uzunluğu 300 m
Eni 15 m

Aşağı bazar küçəsindən fərqli olaraq, Rasta bazar küçəsi Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planında dəqiq və yaxşı planlaşdırılmaya malik deyil. Buna görə də, XIX əsrin yarısına kimi gələcəkdə şəhərin əsas ticarət magistralı olacaq Rasta bazar küçəsi yalnız köməkçi küçə rolunu oynamışdır.[1] Həmin dövrdə şəhərin əsas ticarət magistralı isə Aşağı bazar küçəsi idi.[1] Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsi və 1828-ci ildə Qacarlarla Rusiya imperiyası arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra hərbi təhlükənin aradan qalxması ilə digər qala şəhərlər kimi Şuşa da müdafiə əhəmiyyətini itirir və şəhərdə ticarətin inkişafına başlanılır. Bu isə şəhərin köhnə ticarət küçəsi olan Aşağı bazar küçəsinin yenidən qurulması və Rasta bazar kimi yeni və daha böyük ticarət küçəsi yaradılmasına ehtiyac formalaşdırır.[2]

Şuşada ticarət mərkəzinin genişləndirilməsi zamanı ictimai ticarət binaları ilə tikilmiş bir neçə böyük ticarət-bazar kompeksi olan meydanlar və küçələr meydana çıxır. Yeni memarlıq-planlaşdırma mərkəzinin formalaşması Şuşanın 1855-ci ilə aid baş planında da əksini tapmışdır.[3] Həmin plana görə şəhərin mərkəzi Aşağı meydandan Cümə məscidinin qarşısında yerləşən Meydana keçirilir.[3] Bu şəhərsalma prosesini qeyd edən Baharlı bildirir ki, şəhərin bir zamanlar ictimai-ticarət tikililəri (karvansaralar, ticarət sıraları və hamamlar) ilə zəngin olan aşağı hissəsi tədricən əhəmiyyətini itirir, yuxarı hissəsi isə abadlaşdırılaraq, mərkəzə çevrilir.[4]

Aparılan yenidənqurma işləri zamanı Şuşanın tarixi qeyd edilməmiş baş planında göstərilmiş ən uzun keçid küçəsi abadlaşdırılaraq 1837-ci ildə düzləşdirilərək yeni böyük ticarət mərkəzinə çevrilir.[3]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Şuşanın 1855-ci ilə aid baş planından başlayaraq, bütün digər planlarda çoxşaxəli məhəllə küçələri arasında demək olar ki düz olan üç paralel küçə diqqəti cəlb edir. Onlar şərqdən qərbə uzanaraq şəhərin əsas küçəsi olan Rasta bazar küçəsinə çıxırlar. Planda bu dörd küçə E-formalı yerləşmişdir. Bu magistralların və onların kəsişməsində yerləşən meydanların ansamblları Şuşanın kompozisiya-planlaşdırma özülünü təşkil edir. E-formalı kəsişən küçələr arasında üçü xüsusi əhəmiyyət daşıyır ki, bunlar Rasta bazar və onun davamı olan Şeytan bazarAşağı bazar küçələridir. Bu iki şəhər magisralı Yuxarı Gövhər ağa məscidi qarşısında demək olar ki, düz bucaq altında kəsişməklə Şuşanın əsas ictimai-ticarət kompleksi olan Meydanı əmələ gətirir.[5]

Rasta bazar Şuşa yaylasının ən uzun (təxminən 300 metr) təbii enli düzündə salınmışdır. Küçənin adı – fars dilində rasta – düz – da burdan meydana gəlmişdir. Rasta bazar küçəsi qala divarları ilə əhatə olunmuş Xan sarayı və onun qarşısındakı Divanxana meydanını Meydanla birləşdirir.[6]

Küçənin hər iki tərəfində sərt qırmızı xətt üzrə ticarət sıraları inşa edilmişdir.[3] Yeni ticarət magistralı olan Rasta bazar ən böyük şəhər meydanı olan və Şuşa qalasının Gəncə qapısı yaxınlığında yerləşən Divanxana meydanının şərq küncündən başlayaraq Meydana kimi uzanırdı.[7]

Şuşanın 1837, 18441847-ci illərə aid baş planlarında 300 metrə qədər uzanan və təxminən 15 metr enə malik olan, Rasta bazar küçəsinin hər iki tərəfində bir mərtəbəli eyni tipli ticarət sıraları uzanırdı.[8] 1855-ci ilin baş planına görə isə yeni ticarət mərkəzi olan Rasta və Şeytan bazar küçələrinin qərb tərəfində yeni karvansaraların tikildiyi görünür.[8] Küçənin qərb qurtaracağında hər iki tərəfdə iki karvansara yerləşirdi.[8] Kvadrat formalı plana və daxili həyətə malik idi. Həmin karvansaraların heç biri dövrümüzə çatmamışdır.[8] Küçənin cənub qurtaracağında yerləşən Hacı Abbas karvansaraı isə Şuşanın 1855-ci ilə aid baş planına görə şəhərdəki ən böyük karvansara olmuşdur.[8]

Günəş və yağışdan qorunmaq üçün küçənin hər iki tərəfindəki ticarət sıralarının qabağında trotuar enində daş kollonada formalı eyvanlar inşa edilmişdi. Şuşanın mülayim iqlimində hər cür hava şəraitindən müdafiə üçün bu eyvanlar kifayət edirdi.[9] ŞamaxıNaxçıvanda isə sahibkarlar günəşdən qorunmaq üçün ticarət küçələrini böyük çadırlar və ya damla örtürdülər.[9] Şuşada isə küçənin keçid hissəsində yerləşdirilmiş ağaclar və daş eyvanlar əsas ticarət magistralını kölgəli xiyabana çevirməyə kifayət edir.[9]

  1. 1 2 Авалов, 1977. səh. 47
  2. Авалов, 1977. səh. 48
  3. 1 2 3 4 Авалов, 1977. səh. 49
  4. Baharlı. Əhvalati-Qarabağ. 1888. Авалов, 1977. səh.&nbsp, 48-d6 istinad edilir.
  5. Авалов, 1977. səh. 43
  6. Авалов, 1977. səh. 44
  7. Авалов, 1977. səh. 50
  8. 1 2 3 4 5 Авалов, 1977. səh. 51
  9. 1 2 3 Авалов, 1977. səh. 52
  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.