Sadıq xan Şəqaqi
Sadıq xan Əli xan oğlu Şəqaqi (1746-1801) — Sərab xanı.
Sadıq xan Səqaqi Kərim xan Zəndin 1400 nəfərlik tüfəngçilərinin rəislərindən biri olan Əli xanın oğludur. O, 1790-cı ildə Sərab böyüklərindən idi və həmin il Ağa Məhəmməd şah Qacarın ordusuna qarşı ağır döyuşlər aparmışdır. Lakin Ağaməhəmməd xanın müqabilində məğlub olmuş, Qarabağa çəkilmişdir. Burada İbrahimxəlil xan Cavanşirə pənah apardıqda, onun iltiması ilə Ağaməhəmməd xan tərəfindən bağışlanaraq cərimələrdən azad edilmişdir.
Ağaməhəmməd şah yenidən Azərbaycana qoşun çəkdiyi zaman Sadıq xan onun dəstəsinə daxil olmuş, tədricən etimad qazanmış və hətta onun bacarıqlı komandirlərindən biri olmuşdur. 1795-ci ildə kor Şahrux Ağaməhəmməd şah tərəfindən hakimiyyətdən salındıqdan sonra Xorasan ələ keçirildi və Ağaməhəmməd xan İranın digər ərazilərini birləşdirmək məqsədilə Əfqanıstan və Türkmənistana yola düşmək qərarına gəldi. O, əvvəllər İranın bir hissəsi olan həmin torpaqları geri almaq üçün Məşhəddə olarkən xəbər gəldi ki, ruslar Qafqazda və Azərbaycan sərhədlərindədir. Ona gorə də İranın şərqində və Şimali-şərqində olan torpaqlarını azad etmək planını yarımçıq qoyaraq rusların qarşısını kəsmək, eyni zamanda Qafqazın əmirlərini və xanlarını birləşdirərək özünə tabe etdirmək qərarına gəldi. Lakin məlum olduğu kimi İbrahimxəlil xan müqavimət göstərdi, bununla belə Qacar sahı ordunun bir hissəsini Adinəbazarda saxlayaraq bir hissəsi ilə, o cümlədən Sadıq xanla Şuşaya daxil oldu.