Əzizbala Hacıyev
Əzizbala Hacıyev (1895, Təbriz – 1973) - Azərbaycanda peşəkar fotoqrafiyanın əsasını qoyan şəxslərdən biri.
Ə. Hacıyev 1895 –ci ildə Təbrizdə doğulmuşdur. Anası Səkinə xanım həmin vaxt qohumlarının toy mərasimində iştirak etmək üçün Təbrizdə idi. Təbrizdə dünyaya gəlməsi də sonralar onun Sovet dövləti tərəfindən repressiya olunması üçün bir əsas olacaqdı. Onun atası Məmmədəli Hacıyev əslən Qubadan idi. M.Hacıyev silah satışı ilə məşğul olurdu. Anası Səkinə xanım isə ipək və məxmər üzərində tikmə işi ilə tanınırdı. Ailə Bakıda Aşağı Dağlı məhəlləsində ( Nijni Naqornıda ) ata-baba mülkündə yaşayırdı. Əzizbalanı atasının ölümündən sonra ailənin yaxın qohumu , milyonçu Hacınski himayə etmişdir.
Əzizbala Hacıyev Bakı milyonçularından Ağa Rəsulovun qızı ilə ailə həyatı qurmuş və bu nikahdan 4 övladı doğulmuşdur.