Memar Əcəmi
Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani (1120-ci illər, Naxçıvan – XIII əsr, Naxçıvan) — mənşəcə Azərbaycan türklərindən olan, XI–XII əsrlərdə indiki Azərbaycan ərazisində Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi.
XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları.
Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır.
Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır.