Ceyhun Əli
Ceyhun Yusif oğlu Əliyev və ya Ceyhun Əli (16 fevral 1984, Salyan rayonu) — azərbaycanlı aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis.
== Həyatı ==
Ceyhun Əli 1984-cü ildə fevralın 16-da Salyan rayonunda anadan olub. 1991–1995-ci illərdə Bakı şəhərinin 20 saylı liseydə, 1995–2001-ci illərdə Respublika İncəsənət Gimnaziyasında Səhnə danışığı — Nitq mədəniyyəti ixtisası üzrə təhsil alıb. Ali təhsilini 2001–2006-cı illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində alıb. Rus, ingilis, türk dillərində sərbəst danışır. 2009-cu ildə Almaniyanın Deutsche Welle Akademie / akademiyasının "Konflikt-sensetiv jurnalistika" üzrə beynəlxalq sertifikatını alıb.
== Fəaliyyəti ==
Əmək fəaliyyətinə 2004-cü ildə başlayıb.
2004–2006-cı illərdə ANS Müstəqil Teleradio Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir vəzifələrində çalışıb. 2006-cı ildən Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir, İctimai-Siyasi Proqramlar Departamentinin redaktor assistenti, redaktoru vəzifələrində çalışmağa başlayıb. Televiziya sahəsində biliklərini artırmaq məqsədi ilə xarici telekanallarda (RTR, Ekspert TV) təcrübə keçmək üçün 2008-ci ildə əmək fəaliyyətinə ara verib.