1. Şərab, çaxır.
2. Məcazi mənada: şərab piyaləsi.
Dastanlarda daha çox buta mənasında işlənir. Buta verilmiş adamları badəli də adlandırırlar (prof. M.Qasımlı):
Bir də gördü, aləmi-vaqidə bir nurani dərviş başının üstündə durub deyir:
– Oğlum, niyə fikir dəryasına qərq olub, qəflət yuxusuna cumubsan? Al, bu badəni nuş elə, mətləbinə çatarsan.
Novruz diqqətlə dərvişə baxanda gördü ki, həm dərvişdən, həm badədən bir nur qalxıb asimana bülənd oldu. Bu möcüzəyə məəttəl qalıb dedi:
– Ağa dərviş, bizlərdə o badə haram buyurulub. Biz şərab içmirik.
Dərviş Novruzun cavabında dedi:
– Bala, bu badə o badələrdən deyil. Bu badə Yusifi Züleyxaya yetirən badədəndi. (“Novruz”)
*
Günlərin bir günü Əmrah gecə yatmışdı; yuxuda onun yanına bir ərəb gəlib dedi:
– Oğul, Əmrah, qalx, bu badəni iç.
Əmrah qalxdı, badəni alıb içdi, o saat ürəyi alovlandı, dedi:
– Ağa, yandım, mənə əlac!
Ərəb dedi:
– Oğul, qorxma, Sayat pərini sənə, səni də Sayat pəriyə buta verdim. (“Əmrah”)
*
O gecəsi Mahmud aşıq olmaq həvəsilə yuxuya getdi. Yuxuda ona bir badə verib nuş etdirdilər. Badəni içəndən sonra Mahmud ona mey verən nurani şəxsin əlində bir əksi görüb xəbər aldı ki, baba, bu gözəl xanım kimdir ki, mənim əqlimi başımdan çıxartdı. Nurani qoca cavab verdi ki, bu qız istambullu Güldüm paşanın qızı Niyar xanımdı. Qoca sözlərini deyib qeyb oldu. (“Mahmud-Niyar xanım”)
*
Söz tamam olmamış yuxuda ona badə verən pirani zahir oldu. (“Sayat bəy–Səyalı xanım”)
*
Pirimin əlindən badələr içdim,
Düşdüm mən sevdaya, canımdan keçdim.
Şirinin eşqilə dağları deşdim,
Padşah da ilqarından dönərmi?
(“Fərhad və Şirin”)