f. 1. Boğazı sıxmaqla nəfəs yolunu, nəfəsini kəsmək. Boğazından yapışıb boğmaq. Boyunduruq öküzün boynunu boğur.
– [Bayram:] Yüyürdüm yanına, gördüm ki, bir ayı bir adamı boğur, tüfəng atıb ayını vurdum, yaraladım. M.F.Axundzadə.
Baba qollarını ata-ata yenə danışmaq istədi, lakin öskürək onu boğdu. Çəmənzəminli.
Arvadı hıçqırıq boğdu. M.İbrahimov.
Ağlamaq məni boğdu. Mir Cəlal.
// Nəfəs almağı çətinləşdirmək, nəfəs almağa qoymamaq. Buranın havası adamı boğur.
2. Boğub öldürmək. Çaqqal toyuqları boğdu.
– [Rəsul:] Kişi məni boğmağa gətirib. N.Vəzirov.
// Suya batırıb öldürmək. Küçüyü suya atıb boğmaq.
3. Əl, ip və s. ilə sıxmaq. Çuvalın ağzını boğmaq. Borunun bir tərəfini boğ, su axmasın.
// Tarım çəkmək, bağlamaq, sarımaq.
[Göyərçin] gümüş kəmərini açaraq, bir az daraltdı və belini boğdu. S.Rəhimov.
4. məc. Yolunu daraldaraq suyunu azaltmaq (arxın).
5. məc. İnkişaf etməyə, yayılmağa, güclənməyə qoymamaq; qabağını almaq. Azadlığı boğmaq.
– Çar hökuməti 1905-ci il inqilabını boğmaq məqsədi ilə ermənilərlə müsəlmanlar arasında milli qırğın üçün bir zəminə hazırladı. M.S.Ordubadi.
// məc. Yatırtmaq, məhdudlaşdırmaq, üzə çıxmasına, görünməsinə, eşidilməsinə mane olmaq.
[Əlyarov] hirsini boğub, səsinə mülayim bir ahəng verdi. M.Hüseyn.
Amma … Nadir ürəyinin tələbini boğub, öldürüb fürsətdən istifadə etmədi… B.Talıblı.
İsfahani təzəcə yaralanmış ayı kimi qəzəbini boğa bilmədi… M.İbrahimov.
6. məh. Xam atı öyrətmək, sakitləşdirmək, ram etmək.