Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)
Azərbaycan mətbəxi: Dadsonrası dad filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 2015-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur.
== Məzmun ==
Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. Eyni zamanda Azərbaycanın oturuşmuş kulinariya ənənələrinin ilkin yaranma və formalaşma ehtimallarına aydınlıq gətirilir.
Orta əsrlər Şərq rəssamlarının miniatürləri, Avropa rəssamlarının qravüraları, tarixçi və səyahətçilərin Azərbaycan haqqında tarixi faktları, vətənimizin flora və faunasının təsviri filmdə estetik və vizual həmahənglik yaradır. Bütün bunlar isə təsdiq edir ki, Azərbaycan mətbəxi dünyada ən zəngin mətbəxlərdən biridir.
Ekran əsərinin əsas ideyası təkcə Azərbaycan mətbəxinin zənginliyi deyil, onun tarixi, hətta fəlsəfəsi barədə məlumat verməkdir. Mətbəximizə aid çoxsaylı tarixi sənət nümunələrinin yer aldığı bu film tamaşaçılara xalqımızın mənəvi irsi ilə yaxından tanış olmaq imkanı yaradır.
Ekran əsəri Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının dünyada təbliği və xarici turistlər üçün Azərbaycanın cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.