Bir dəqiqəlik sükut
Bir dəqiqəlik sükut və ya sükut anı — qısamüddətli düşüncə, zikr, dua, meditasiya və səssizlik anı. Bayrağın yarıyadək endirilməsi kimi, bir dəqiqəlik sükut da əsasən hörmət əlaməti olaraq, xüsusilə də yaxın zamanlarda vəfat edən şəxslərin matəmini saxlamaq və ya faciəvi tarixi hadisəni yad etmək məqsədilə edilir.
== Mənşə ==
Kvakerlər 300 ildən çoxdur ki, yığıncaqlarında bir dəqiqəlik sükut da daxil olmaqla, səssiz dua edirlər. Sükutda inanclara dair heç bir bəyanat və ya fərziyyələr olmadığına və dilin şərh edilməsini tələb etmədiklərinə görə müxtəlif dini və mədəni kökləri olan şəxslər bir araya gəldikdə, hər hansı bir ibadət və ya mərasimlə müqayisədə daha asan, rahat qəbul edilir və istifadə olunur. Pensilvaniyada müstəmləkə dövründə Kvakerlər və digər amerikalılar hər hansı hadisə zamanı bir araya gələr və səssizcə ibadət edərdilər, lakin hər iki qrup da bunun ənənəvi inanc sistemini dəyişdirdiyini düşünürdü. Zaman keçdikcə, qeyri-məzhəb və mübahisəsiz ictimai mərasimlərə münasibətdə Kvaker tərzinin səmərəli olması bir çox cəmiyyətlərdə, eləcə də ingilisdilli dövlətlərdə, demək olar ki, bu davranışın universal istifadə edilməsinə gətirib çıxardı. Həmçinin müxtəlif qrupların iştirakının gözlənildiyi, lakin eyni inancları bölüşmək məcburiyyətində olmayan bir çox qurumlarda da belədir; məsələn, hökumət, məktəblər, kommersiya şirkətləri və ordu kimi.
Bir dəqiqə anma mərasimləri üçün ümumi zaman müddətidir. Təşkilatçılar fərqli zaman müddəti də seçə bilərlər. Bu da adətən yad edilən mərasimlə bu və ya digər dərəcədə bağlı olur.