Kiçik güllücə
Kiçik güllücə (lat. Lathyrus miniatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
== Arealı ==
Türkiyədən İrana qədər ərazilərdə yayılmışdır.
== Qısa morfoloji təsviri ==
Gövdəsi düz və ya qalxan, ilişən, əsasından budaqlanmış, şırımlı, 2 enli yaşıl qanadları olan çoxillik çılpaq ot bitkisidir. Yalançı zoğları yarımoxşəkillidir, uzunsovneştərvari və yaxud neştərvaridir, qısa sivriləşmişdir, saplaqdan 2-3 dəfə qısadır, bəzən isə ona bərabər olur. Saplaq ensiz qanadlı olub, uzunluğu 3 (4) sm-ə qədərdir, sonu sadə və ya budaqlanmış bığcıqlarla qurtarır. Yarpaqları bir cütdür; yarpaqcıqlarının uzunluğu 3-6 (7) sm, eni (1,5) 2-3 (4) sm-dir, düzgün ellipsvaridir, təpə hissəsinə və qaidə hissəsinə doğru bir ölçüdə daralandır, təpə hissədə dəyirmi, küt və ya sivridir, qısa sonluqludur, nadir hallarda uzunsov-ellipsvaridir, uzunluğu enini 2-3 dəfə üstələyir, yumurtavari, enli yumurtavari və ya əksinəyumurtaşəkillidir. Salxımlar birtərəflidir. Çiçək saplağı yarpaqlardan biraz və yaxud iki dəfə uzundur, 3-10 ədəd çiçəyi vardır. Tacın uzunluğu 15–20 mm, çəhrayıdır; yelkən köndələn dəyirmi-ovaldır, təpə hissədə girintili-çıxıntılıdır, qanadlardan qısadır; qanadlar qayıqcıqdan uzundur.