GİLƏ

is.
1. Üzümün, narın və s. meyvələrin hər bir dənəsi. Qarağat giləsi.
[Kazım] yoğun qaşlarının altından baxan xırda üzüm gilələrinə oxşar gözlərini bərəldib dedi… Çəmənzəminli.
Kəhrəbadan seçilməz salxımlar nəzərində; Ağzında şaqqıldayıb hər giləsi bal dadır. S.Rüstəm.
Narın birini kəsdim, zoğal kimi iri, əqiq kimi duru gilələri var idi. Mir Cəlal.

2. Damla, damcı. Bir gilə su. Yaş giləsi.
– Cümşüd bəy əlini açdı, qulluqçu onun ovcuna bir neçə gilə gülab tökdü. E.Sultanov.
[Müqim bəy:] Daşdəmir oğlunun başını gərək elə kəsəsən ki, heç bir gilə qanı da yerə düşməyə! S.Rəhimov.
Bir gilə götürüb hər bulağından; Gətirib evimdə bulaq düzəldəm… M.Araz.

3. Gözün qüzeh qişasında olan və oradan gözün içinə işıq daxil olan kiçik deşik.
Mən aşiq giləsinə; Üzümün giləsinə; Qoy durum, qurban olum; Gözlərin giləsinə. (Bayatı).
Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıldayan gözlərini qırpdı. M.İbrahimov.
[Kərimov Səfərliyə:] Görürsən ki, bu ağ yavaşyavaş böyüyüb nəhayət gözün giləsini örtür. H.Seyidbəyli.

4. Məmənin ucu. Döşün giləsi.
– Nahar eyləyəndə sızlardı hərdən; Döşünün giləsi, döşünün ucu. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİLƏ 1. GİLƏ, DƏNƏ (üzüm giləsi) 2. gilə bax damcı
  • GİLƏ damcı
  • GİLƏ dənə
GİLEYLİK
GİLƏ-GİLƏ

Digər lüğətlərdə