is. [
ər. ]
1. Bir şeylə məşğul olma, bir iş görmə arzusu: meyil, istək. Oxumaq həvəsi. Uşağın mütaliəyə böyük həvəsi var. Getməyə heç həvəsim yoxdur.
– Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldı. C.Məmmədquluzadə.
Evi, otağı səliqəyə salmaq, yeni ili bir təmizlik içərisində qarşılamaq ümumi bir həvəs idi. H.Sarabski.
□ Həvəs etmək (göstərmək) – bax
həvəslənmək.
Lakin həvəs eyləməzdi Leyli; Olmazdı bu ləhvü ləəbə meyli. Füzuli.
Teymur nədənsə bu evə gəlməyə daha çox həvəs göstərirdi. H.Seyidbəyli.
Həvəs oyanmaq – maraq oyanmaq, arzu oyanmaq.
[Oğlanın] zehnində bu adamı öyrənmək, onun sirlərini bilmək üçün böyük bir həvəs oyandı H.Nəzərli.
Həvəsdən düşmək – bir işi görməyi daha istəməmək, həvəsi, marağı soyumaq, daha həvəsi olmamaq.
[Mahmud Sevincə:] …Mən gündəngünə həvəsdən düşdüm. Z.Xəlil.
Həvəsə düşmək (gəlmək) – bax
həvəslənmək.
…[Qoşqar] kranın altında gölləndikcə ortasından xırdaca deşik açılıb burulğan kimi burulan suya baxdı və təzədən həvəsə düşüb qurşaqdan yuxarı soyundu. İ.Hüseynov.
Həvəsə gətirmək (salmaq) – bax
həvəsləndirmək.
Çaqqallar pusquda durdu; Həvəsə saldılar qurdu. M.Dilbazi.
Həvəsi gəlmək (doğmaq) – bax
həvəslənmək.
Leylək Ələmdar çovğunun, azanın və zənglərin qat-qarış səslərinə qulaq verir, onda bir qarət həvəsi doğurdu. S.Rəhimov.
[Pərşan:] Bağçamız nəyə desən dəyər, adamın həvəsi gəlir baxsın. M.İbrahimov.
Həvəsi soyumaq – bax
həvəsdən düşmək.
// Keçici, müvəqqəti, keçib-gedən arzu, meyil. O da bir həvəs idi, gəldi, keçdi.
2. Nəşə, zövq.
Tərlan xanım böyük yaradıcılıq həvəsi içərisində idi. S.Rəhimov.
Şeyda bülbül bir həvəsdə; Gözü yolda, könlü səsdə. Aşıq Hüseyn.
3. Həvəslə şəklində
zərf – ürəkdən, qəlbdən, can-dildən, məmnuniyyətlə.
Bir əməllə, bir arzuyla alışıb onlar; Bir məqsədin yollarına düşdü həvəslə. S.Vurğun.
Fərman nəşə və həvəslə öz ekskavatorunda işləyirdi. Ə.Sadıq.