Caucasus İnternational (jurnal)
“Caucasus International” (CI) Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən xarici siyasət məsələlərinin təhlilinə dair 2011-ci ildən etibarən nəşr olunan beynəlxalq jurnaldır.
== Haqqında ==
CI Cənubi Qafqaz və Türkiyə ilə bağlı araşdırmalar aparan alim və tədqiqatçılar üçün keyfiyyətcə yeni bir müzakirə platforması təqdim edir. Jurnalda əsasən beynəlxalq münasibətlər və xarici siyasətin müxtəlif problemləri, Qafqaz regionunda cərəyan edən hadisələr, müxtəlif ölkələrin Qafqaz siyasəti, cəmiyyət və iqtisadiyyat məsələlərinə dair elmi məqalələr dərc edilir. Jurnal eyni zamanda nəinki Cənubi Qafqaz regionu, eləcə də ayrı-ayrı ölkələr üzrə (Türkiyə, Rusiya, ABŞ, Çin, Avropa ölkələri) geniş iqtisadi, siyasi və sosial məsələlərlə bağlı akademik müzakirələrə həm mahiyyət, həm də keyfiyyətcə kömək etmək və təşviq etmək məqsədli bir platforma təmin edir. Jurnalda bu vaxtadək Avropa, Amerika, Rusiya, Türkiyə, Çin və Azərbaycanın görkəmli alim və ekspertlərinin aidiyyəti mövzular üzrə məqalələri dərc edilmişdir.
CI-nin əsas məqsədi akademik dialoqu təşviq etmək və mümkün qədər geniş ictimaiyyətin cəlb edilməsi üçün intellektual forum yaratmaqdır. Jurnalın hər bir sayı qlobal və ya regional mövzulara həsr olunur və müxtəlif ölkələrin müəlliflərinin görüşlərini əhatə edir. Jurnal əsasən Qafqaz regionunun qonşuluğunda baş verən hadisələrə qlobal kontekstdə diqqət yetirir. Jurnalda dərc edilən maqalələr aparıcı dövlətlərin - Türkiyə, İran, Rusiya və ABŞ-nin Cənubi Qafqazla bağlı siyasəti, eləcə də Avropa, Asiya və Orta Asiyada baş verən hadisələrin Cənubi Qafqaz perspektivindən və siyasi baxımdan təhlilini oxuculara çatdırır. CI-nin bölgə və onun qonşuları ilə bağlı təhlilləri qlobal kontekstə əsaslanır.