İstambul
İstanbul, köhnə Azərbaycandilli mənbələrdə İstambul — Türkiyənin ən böyük şəhəri və ölkənin 81 ilindən biri. Ölkənin iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhərlərindən biridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, Dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır.
İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir. Qitələrarası şəhər olan İstanbulun Avropa hissəsinə Avrupa yakası, Asiyadakı hissəsinə isə Anadolu Yakası deyilir. Üç tərəfi su sahəsi — Mərmərə dənizi, Bosfor və Haliç ilə əhatə olunmuş yarımada üzərində qurulan İstanbulun qərb sərhədi Konstantinopol qala divarlarını meydana gətirir. Şəhərin böyümə və inkişafı prosesində qala divarlarının sərhədləri 4 dəfə qərbə daşınmışdır. Şəhər 39 ilçədən ibarətdir. Böyükşəhər bələdiyyəsi ilə birlikdə 40 bələdiyyəyə malikdir.
Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul, 330–395-ci illər arasında Roma İmperiyası, 395–1204 və 1261–1453 illəri arasında Bizans İmperiyası, 1204–1261 arasında Latın İmperiyası və son olaraq da 1453–1922 illəri arasında Osmanlı İmperiyasına paytaxtlıq etmişdir.