KÖTƏK

is. Ağac, dəyənək və s. ilə vurulan zərbə. Kötək aradakına çox dəyər. ( Ata. sözü ).
Şərəf o qədər də aciz deyil ki, Xudayar bəyin sözünün qabağında bir söz danışmasın, yainki ərinin kötəyinin qabağında durub baxsın. C.Məmmədquluzadə.
Tubu ağlayır, arvad da kötəyin zərbəsindən bağırırdı. H.Sarabski.

□ Kötək altına salmaq – ağac, dəyənək və s. ilə döymək, kötəkləmək.
[Kişi] övrəti beş-on gün salır kötəyin altına, axırda da övrət cana doyandan sonra çıxıb qaçır. C.Məmmədquluzadə.

Kötək yemək – bax kötəklənmək.
Hiç məqul söz deməzsən sən! Qandadır kim, kötək yeməzsən sən? Füzuli.
Qaraca qızın təbiətində inadcıllıq vardı… Yusifdən nə qədər kötək yeyərdisə də, yenə tərsliyindən əl götürmürdü. S.S.Axundov.
[Məşədi İbad:] …Arvad ərindən nə qədər kötək yesə, bir o qədər ərin çox sevər. Ü.Hacıbəyov.

Kötək vurmaq (döşəmək) – bax kötəkləmək.
Məşədi İmamqulu qeyz ilə uşağı küncdən kənara dartıb, arxasına kötək döşəməyə başladı. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KÖTƏK döyülmə — zərbə

Etimologiya

  • KÖTƏK Qədimdə köt feili olub, “ağacla zərbə endirmək” mənasında işlədilib. Kötək sözü həmin feildən əmələ gəlib
KÖŞK
KÖTƏKLƏMƏ

Digər lüğətlərdə