Azərbaycan Respublikasının Nazirləri Kabineti
Azərbaycan Respublikasının Nazirlər Kabineti — Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədilə yaradılan, öz fəaliyyətində birbaşa Prezidentə tabe və onun qarşısında cavabdeh olan, iş qaydası Prezident tərəfindən müəyyənləşən yuxarı icra orqanıdır.
Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Onun iclaslarına, bir qayda olaraq, Baş nazir sədrlik edir. Baş nazir isə, öz növbəsində, Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin edilir.
Ümumi qaydalar müəyyən etdikdə Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Nazirlər Kabineti dövlət büdcəsi layihəsini hazırlayıb Prezidentə təqdim edir, dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir, dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir.
== Tarixi ==
Azərbaycan Prezidenti Ayaz Mütəllibov 1991-ci il fevralın 7-də Nazirlər Kabinetinin təsis olunması haqqında Qanun imzaladı. Qanuna əsasən Nazilər Kabineti qurulana qədər Azərbaycan SSR Nazirlər Soveti öz səlahiyyətlərini saxlayırdı.
1991-ci il mayın 22-də isə Nazirlər Kabinetinin üzvləri təsdiqləndi. Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova tərəfindən imzalanan Qanuna əsasən Nazilər Kabinetinə Baş nazir, 2 nəfər birinci müavini, 3 nəfər müavini, 16 nazir və 10 Dövlət Komitəsinin sədri daxil edildi.