Hasil Fətəliyev
Fətəliyev Hasil Kamaləddin oğlu — Azərbaycan şərabçılığı tarixində ilk doktor və professor.
== Həyatı ==
Fətəliyev Hasil Kamaləddin oğlu 1959-cu ildə Azərbaycan Respublikasının Zərdab rayonunda müəllim ailəsində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti — ADAU) "Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsinin "üzümçülük və üzümün ilkin emalı" ixtisaslaşmasını fərqlənmə diplomu ilə (Lenin təqaüdü ilə) bitirmiş və SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişinə əsasən həmin institutda assistent vəzifəsinə təyin edilmişdir. Moskva Yeyinti Sənayesinin Texnologiyası İnstitutunun "Şərabçılığın texnologiyası" kafedrasında birillik elmi stajkeçməyə göndərilmiş və sonra aspiranturada təhsil almışdır. 1987-ci ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-ci ildən dosentdir. 2005-ci ildə doktorluq dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi, sonra isə professor elmi adı almışdır.
Professor H. K. Fətəliyev 192 elmi əsərin, o cümlədən, 15 müəlliflik şəhadətnaməsi və patentin, 5 dərslik, 5 dərs vəsaiti, 1 monoqrafiya, 3 tövsiyə və bir neçə elmi populyar vəsaitin, 150-dən çox elmi məqalə və metodik göstərişlərin müəllifidir. 30 elmi əsəri xarici ölkələrin sahəyə dair ən aparıcı jurnallarında nəşr olunmuş, elmi tədqiqat işlərinin nəticələrinə dair Türkiyə, Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Fransa, Almaniya və digər ölkələrdə keçirilən konfrans və simpoziumlarda məruzələr edilmişdir.
Professor H. K. Fətəliyevin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 5 nəfər texnika üzrə fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru hazırlanmışdır.